...

Beynəlxalq Konfransda Azərbaycan elm adamlarının məruzəsi ilk üçlüyə daxil edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 May 2012 11:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 may /Trend/

2012-ci ilin aprel ayının 19-20-də Aşqabadda Türkmənistan Elmlər Akademiyası tərəfindən "Türkmənistan təbii sərvətlərinin kompleks emalında innovasiya texnologiyalari" adlı Beynəlxalq elmi konfrans keçirilmişdir. Konfransda Türkmənistan Elmlər Akademiyasının dəvəti ilə dünyanın müxtəlif ölkələrindən, o cümlədən Azərbaycan Respublikasından, Yaponiyadan, Çindən, Rusiyadan, Hindistandan, Avstriyadan, Finlandiyadan, Rumıniyadan, Çexiyadan və s. ölkələrdən nümayəndələr iştirak etmişlər.

Konfransda Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, kimya elmləri doktoru, professor, Neft Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Məhrrəm oğlu Abbasov "Neft, qazçıxarma və neft emalı sənayesi üçün Azərbaycan MEA-nın Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) yaradılan kimyəvi reagentlər" adlı məruzə ilə və texnika elmləri doktoru Hikmət Camal oğlu İbrahimov "Metanol zavodu - qaz sənayesində innovasiya texnologiyaları" adlı məruzə ilə iştirak etmişdilər. Edilən hər iki məruzə "Türkmənistan karbohidrogen sərvətlərinin emalı və neft kimyasında innovasiya texnologiyalari" bölməsinin məruzələrinin ilk üçlüyünə daxil edilmişdir.

Saytımız konfrans haqqında Vaqif Abbasovdan müsahibə götürdü.

- Cənab Vaqif Abbasov, Sizi və Sizin həmkarınız Hikmət İbrahimovu bu uğur münasibəti ilə təbrik edirik. Bu konfrans barəsində nə deyə bilərsiniz?

- Təbriklərə görə təşəkkür edirəm. Hesab edirəm ki, bu bütün Azərbaycan elminin uğurudur və elmə olan diqqət və qayğısına görə Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyeva təşəkkürümü bildirirəm. Həmçinin mən Türkmənistan Prezidenti Cənab Qurbanqulu Berdiməhəmmədova elmə olan qayğısına görə və iştirak etdiyimiz bu möhtəşəm konfransın keçirilməsinə görə təşəkkürümü bildirirəm. Bu konfransda Yaponiyadan, Çindən, Rusiyadan, Hindistandan, Avstriyadan, Finlandiyadan, Rumıniyadan, Çexiyadan və s. ölkələrdən çoxlu sayda elm adamları iştirak etmişlər və Azərbaycanın iki məruzəsinin ilk üçlüyə daxil olması hesab edirəm ki, çox yaxşıdır. Faktiki olaraq 21-ci əsr qaz-kimya əsridir. Bununla əlaqədar "Türkmənistan təbii sərvətlərinin kompleks emalında innovasiya texnologiyalari" adlı beynəlxalq elmi konfransda müzakirə olunan mövzular Azərbaycan və Türkmənistan üçün çox vacibdir. Məruzəmdə göstərdim ki, ilk öncə iki qardaş ölkənin keçmişdə sıx əlaqələri var idi və bildirdim ki, Türkmənistanın bir sıra alimləri NKPİ-nin yetişdirmələridir və bu gün də onlar Türkmənistanda məsul vəzifələrdə çalışırlar. Onu da qeyd etdim ki, NKPİ-də keçən əsrin 70-ci illərindən başlayaraq korroziya və duz çökməsinə qarşı inhibitorlar, bakterisid-inhibitorlar, deemulqatorlar, yanğına qarşı köpükəmələgətiricilər yaradılmışdır. Bu inhibitorlar Azərbaycanda, Rusiya Federasiyasında, Qazaxıstanda, Türkmənistanda və Ukraynada neft yataqlarında istifadə olunmuşdur. 1998-ci ildən bu istiqamətdə aparılan tədqiqat işləri intensivləşdirilmiş, yeni reagentlər sintez olunmuş və Bakıdakı neftçıxarma və neft emalı sənayelərində istifadəsinə başlanmışdır.


- Azərbaycan - Türkmənistan əlaqələrinin gələcəyini necə görürsünüz?

- Hesab edirəm ki, sürətlə inkişaf edən iki qardaş ölkə arasında elmi, mədəni, iqtisadi əlaqələr daha yüksək səviyyəyə qaldırılmalıdır. Türkmənistan zəngin qaz və neft ehtiyatlarına malik olduğundan aparılan elmi-tədqiqat işlərinin burada da tətbiqinə ehtiyac duyulur. Uzun illər neft kimyası sahəsində böyük təcrübə qazanmış Azərbaycan alimləri ilə Türkmənistan elm adamlarının birgə fəaliyyəti vacibdir və hesab edirəm ki, bu sahədə atılan uğurlu addımlar hər iki qardaş ölkənin neft-kimya sənayelərininin inkişafına köməklik göstərmiş olardı.

- Həmkarınız Hikmət İbrahimovun "Metanol zavodu - qaz sənayesində innovasiya texnologiyaları" adlı məruzəsi barəsində nə deyə bilərsiniz?

- Hikmət İbrahimov əvvəlcə Azərbaycanda neft emalı və neft-kimya kompleksinin yenidən qurulması ilə bağlı görülən işlər barəsində danışdı və yanacaqlara qoyulan tələblərin çox sərtləşdirildiyini iştirakçıların nəzərinə çatdırdı. Benzinlərin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması məqsədi ilə dünya praktikasında benzinlərə oksigenatların əlavə edilməsini bildirdi. O qeyd edib ki, ölkəmizdə yaradılmsına qərar verilmiş neft-kimya kompleksində metil-tret-butil efirindən istifadə olunması nəzərdə tutulmuşdur. Bu gün metanol həm iqtisadi həm də ətraf mühitin qorunması baxımından böyük əhəmiyyət kəsb edir və bu haqda bir çox beynəlxalq konfranslarda bir çox məşhur alimlər danışmışlar. Mənim üçün sevindiricidir ki, həmkarım bu böyük mövzu haqqında məruzə hazırlamışdır. Artıq Azərbaycanda metanol zavodunda tikinti işləri başa çatmaq üzrədir və ilin sonunda metanol qurğusunun işə salınması nəzərdə tutulmuşdur. Türkmənistan zəngin qaz ölkəsi olduğundan bu ölkədə də metanolun alınmasını həyata keçirmək olar. Türkmənistan ölkəmizdəki təcrübədən istifadə edə bilər. Bizim alimlər və iş adamları hər cür texniki yardım göstərməyə hazırdılar. Hamıya çox maraqlı idi ki, 400 milyon dollarlıq zavod 100 % özəl şirkət olan "Azərbaycan Metanol Kompani" MMC (AzMeCo) tərəfindən tikilir və biz fəxrlə deyirdik ki, Azərbaycan Hökuməti özəl biznesə böyük qayğı göstərir və onun inkişafı üçün əlverişli mühit yaradır.

- Aşqabad şəhəri barəsində təəssüratlarınız.

- Aşqabad çox gözəl, təmiz şəhərdir. Əksər evlər ağ mərmərdəndir, insanların bir-birilərinə, ağsaqqallara olan münasibətini daha çox bəyəndim. Azərbaycanlılarla qardaşlıq münasibətlərini, bizim səfirliyə olan yaxşı münasibətləri gördüm. Onu da qeyd edim ki, Azərbaycanın Türkmənistandakı səfiri Cənab Vəhdət Sultanzadə Türkmənistanda böyük nüfuza malikdir. Məhz onun nüfuzu və elmimizə olan böyük hörmətə görə Türkmənistan Elmlər Akademiyasının prezidenti cənab Mezilov ilə 45 dəqiqəlik təkbətək görüşümüz alındı və biz onunla iki akademiya arasında elmi və təşkilati əməkdaşlıq imkanlarını müzakirə etdik və mən Bakıya qayıtdıqdan sonra bu haqda AMEA-nın prezidenti akademik Mahmud Kərimova məlumat verdim. Qeyd edim ki, konfransın plenar iclasıının rəyasət heyətinə dəvət olunmağım və mənə açılışda çıxış etmək imkanının verilməsi əslində elmimizə və xalqımıza yüksək ehtiram kimi qəbul edilməlidir.

Müsahibənin sonunda Cənab Abbasov göstərilən böyük diqqətə görə Xarici İşlər Naziri cənab Elmar Məmmədyarova və Azərbaycanın Türkmənistandakı səfiri cənab Vəhdət Sultanzadəyə dərin minnətdarlığını bildirdi.

Xəbər lenti

Xəbər lenti