...

Bakı qəsəbələrində su təchizatının yaxşılaşdırılması üzrə işlər sürətləndirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 May 2012 19:59 (UTC +04:00)
"Azərsu" ASC Bakı qəsəbələrində su təchizatının yaxşılaşdırılması üzrə işləri sürətləndirib.
Bakı qəsəbələrində su təchizatının yaxşılaşdırılması üzrə işlər sürətləndirilib

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir A.Axundov/

"Azərsu" ASC Bakı qəsəbələrində su təchizatının yaxşılaşdırılması üzrə işləri sürətləndirib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi ASC-nin sədri Qorxmaz Hüseynovun hakim Yeni Azərbaycan Partiyasının saytında dərc edilən müsahibəsində deyilir.

"+110 Şərq" anbarının yenidən qurulması, orada suyun anbara girişi və anbardan çıxışının səmərəli tənzimlənməsi istiqamətində işlər aparılır. Oradan Elşən Süleymanov küçəsi boyunca Bakıxanov qəsəbəsinə qədər magistral su xətti çəkilir və bununla Bakıxanov qəsəbəsinin də fasiləsiz su təminatı mümkün olacaq. Eyni zamanda, Nizami rayonu 8-ci kilometr qəsəbəsində fasiləsiz su rejiminə nail olacağıq", - Hüseynov deyib.

Onun sözlərinə görə, bundan başqa, Hövsan qəsəbəsi üçün xüsusi əhəmiyyət daşıyan layihə həyata keçirilir.

"Hövsanda yeni xəttin inşasına başlamışıq və onu mövcud kəmərə birləşdirəcəyik. Paralel olaraq, dəniz səviyyəsindən 70 metr hündürlükdə yerləşən həcmi 20 min kubmetr olan anbar kompleksində son tamamlama işləri gedir, bunlar başa çatandan sonra illərdir içməli sudan əziyyət çəkən Hövsan qəsəbəsinin böyük bir hissəsinə fasiləsiz rejimdə su vermək mümkün olacaq", - ASC sədri bildirib.

O qeyd edib ki, SC Bakı qəsəbələrində su təchizatı ilə bağlı vəziyyətin yaxşılaşdırılması üzrə aktiv işlər aparır.

"Bakı şəhəri və Abşeron yarımadasında 54 kənd və qəsəbə var ki, bu gün onların 40-a qədərində içməli su təchizatı sistemi ya yoxdur, ya da qismən mövcuddur. Mərdəkan, Şüvəlan, Qala, Zirə, Binə, Türkan, Pirallahı və digər qəsəbələri mərkəzləşdirilmiş su təchizatı sisteminə qoşmaqla onların hər birində şəbəkə yaratmaq niyyətindəyik", - Hüseynov deyib.

Onun sözlərinə görə, Bakıətrafı qəsəbələrdə ümumi həcmi 200 min kubmetr olan 10 su anbarının tikintisi planlaşdırılır və artıq Balaxanı, Məhəmmədi, Zirə qəsəbələrində onların tikintisinə başlanılıb.

"Eurovision" mahnı müsabiqəsi ilə əlaqədar yolların asfaltlanması zamanı fürsətdən istifadə edərək həmin küçələrdən keçən köhnə, yararsız və kiçik diametrli xətləri yeniləri ilə əvəz etmişik. Belə ünvanların sayı 30-dan artıqdır. Qısa müddətdə bu işləri başa çatdırmaq üçün "Azərsu" ASC-nin tikinti ilə əlaqəli əməkdaşları, podratçılar demək olar ki, fasiləsiz işləyiblər", - Hüseynov bildirib.

Xəbər lenti

Xəbər lenti