...

Azərbaycan sosial xidmətlərin göstərilməsi sahəsində beynəlxalq təcrübəni öyrənir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 May 2012 16:50 (UTC +04:00)
Azərbaycan Parlamentinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Maliyyə Nazirliyinin, BMT-nin Uşaq Fondunun (YUNİSEF) Azərbaycandakı nümayəndəliyinin və Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının nümayəndələrindən ibarət heyət mayın 27-dən etibarən Xorvatiyada səfərdədir.
Azərbaycan sosial xidmətlərin göstərilməsi sahəsində beynəlxalq təcrübəni öyrənir (FOTO)

Azərbaycan, Bakı, 29 may /Trend/

Azərbaycan Parlamentinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Maliyyə Nazirliyinin, BMT-nin Uşaq Fondunun (YUNİSEF) Azərbaycandakı nümayəndəliyinin və Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının nümayəndələrindən ibarət heyət mayın 27-dən etibarən Xorvatiyada səfərdədir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, səfərdə məqsəd sosial xidmətlərin qanunvericilik bazası, maliyyələşdirmə formaları, icra mexanizmləri və keyfiyyət standartları üzrə Xorvatiyanın qabaqcıl təcrübəsinin öyrənilməsidir.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəblinin və əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimovun iştirak etdiyi səfər çərçivəsində Xorvatiyanın Avropa İttifaqına üzvlük prosesində əsaslı islahatlar aparılan sosial xidmət sisteminin strukturu, dövlət və qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq formaları, sosial sifariş mexanizmi öyrənilir.

Mayın 28-də nümayəndə heyətinin YUNİSEF-in Xorvatiya ofisinin rəhbəri xanım Lora Vidoviç və məsul əməkdaşları ilə görüşündə təşkilatın uşaqların müdafiəsi sahəsində Xorvatiyada həyata keçirdiyi fəaliyyət barədə məlumat verilib. Xorvatiyanın Xarici və Avropa Məsələləri Nazirliyində keçirilən görüşdə ölkələrimiz arasında qurulan yüksək səviyyəli ikitərəfli əlaqələrin perspektivləri haqqında fikir mübadiləsi aparılıb. Sosial Siyasət və Gənclər Nazirliyində keçirilən görüşdə sosial xidmətlərin göstərilməsi sahəsində Xorvatiyanın təcrübəsi, dövlət və qeyri-hökumət təşkilatlarının əməkdaşlıq prinsipləri, sosial sifariş modeli, keyfiyyət monitorinqi və s. məsələlər müzakirə edilib.

Dünya Bankının Zaqreb ofisinin rəhbəri Hanqju ilə keçirilən görüşdə isə bankın Xorvatiyada həyata keçirdiyi institusional islahatlar, xüsusilə, sosial rifah sisteminin inkişafı ilə bağlı 2005-2011-ci illərdə icra olunmuş iri sosial yönümlü layihə barədə ətraflı məlumat verilib.

Keçirilən görüşlərdə İlqar Rəhimov və Hadı Rəcəbli Azərbaycanda son illərdə həyata keçirilən sosial-iqtisadi islahatlar və əldə olunmuş nailiyyətlər, eləcə də sosial xidmətlər sahəsində dövlət və vətəndaş cəmiyyəti institutlarının əməkdaşlığı çərçivəsində icra edilən layihələr barədə ətraflı məlumat veriblər. Yeni qəbul olunmuş "Sosial xidmət haqqında" qanun barədə ətraflı danışan nümayəndə heyətinin üzvləri sənədin mütərəqqi beynəlxalq təcrübə və sosial xidmət modelinə əsaslnandığını qeyd ediblər.

İyunun 3-dək davam edəcək səfərdə əmək və pensiya fondu naziri, uşaq hüquqları üzrə ombudsman, ədliyyə nazirinin müavini, BMT-nin İnsan Hüquqları Ofisinin rəhbəri, ixtisaslaşmış QHT-lərin rəhbərləri ilə görüşlərin və Xorvatiyada son illərdə yaradılan müasir icma əsaslı sosial xidmət mərkəzlərinə səfərlərin keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti