...

Azərbaycan bankı “AccessBank” “Badamdar” filialının fəaliyyətini genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyul 2012 13:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 iyul /Trend/

Bu gün "AccessBank" "Badamdar" filialının adının dəyişdirildiyini və Lökbatan qəsəbəsi, N.Nərimanov küçəsi, 2C ünvanında yerləşən yeni inzibati binaya köçürüldüyünü elan edib. Trend-in məlumatıan görə, bu barədə bankın bazar ertəsi yaydığı məlumatda deyilir.

Filialın yerinin dəyişdirilməsi haqqında qərar, "Binə" və "Sədərək" bazarlarında çalışan müştərilərimizə daha yaxın olmaq niyyəti ilə əlaqədardır. Yeni, geniş binada işləməklə Bankın müştərilərinə daha rahat və keyfiyyətli xidmət göstərmək imkanı yaradacaq. Sahibkarlardan əlavə, "Lökbatan" filialı, həmçinin, yerli əhaliyə də xidmət göstərəcək. Filialda tam çeşidli bank xidmətləri təqdim olunacaq. Bu xidmətlərə cari və depozit hesablarının açılması, Visa plastik kartlarının rəsmiləşdirilməsi, həm ölkə daxilində, həm də xarici ölkələrə pul köçürülməsi, eləcə də kiçik, biznes və istehlak kreditlərinin verilməsi aiddir.

Həmçinin, qeyd edək ki, yaxın zamanlarda Badamdar qəsəbəsində yeni filialın açılması planlaşdırılır.

"AccessBank"ın baş meneceri Andrev Pospielovsky filialın yeni ünvana köçürülməsini şərh edərək deyib: "Badamdarda "AccessBank" 2009-cu ildən çalışaraq 4 mindən artıq müştəriyə xidmət göstərib və filialın ərazisi artıq bunun üçün kifayət etmir. Biz çox şadıq ki, yeni filialda müştərilərimizə daha yaxşı xidmət göstərə və onlara daha yaxın ola biləcəyik".

"АccessBank"ın missiyası, aşağı və orta gəlirli Azərbaycan ailələrinə, eləcə də mikro və kiçik sahibkarlara maliyyə xidmətləri göstərməkdən ibarətdir. АccessBank Fitch beynəlxalq reytinq agentliyi tərəfindən Azərbaycan bankları arasında ən etibarlı bank adına layiq görülüb (sabit proqnozla "BB+" səviyyəsində), həmçinin Global Finance (2011) və Euromoney Nəşriyyat Qrupu (2010-2011) tərəfindən "Azərbaycanın ən yaxşı bankı" və The Banker nəşri tərəfindən isə "İlin bankı" adına layiq görülüb.

"AccessBank" 100% xarici kapitala malikdir və 6 beynəlxalq maliyyə institutuna məxsusdur. Bunlar Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı, KfW Development Bank - Almaniya Hökumətinin İnkişaf Bankı (hərəsi 20%), mikromaliyyələşdirmə sahəsində strateji maliyyəçi rolunda çıxış edən AccessHolding (16.5%) və Almaniyanın LFS Financial Systems GmbH (3.5%) şirkətləridir.

Xəbər lenti

Xəbər lenti