Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir C.Nəsibova/
Bolqarıstan Azərbaycanın ən əhəmiyyətli tərəfdaşıdır və iqtisadi əlaqələrin inkişafı üçün bütün iqtisadi, siyasi və hüquqi ilkin şərtlər mövcuddur. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov Bakıda Azərbaycan-Bolqarıstan biznes forumunda bildirib.
"Bolqarıstanla ticari-iqtisadi əməkdaşlıq Azərbaycan üçün böyük maraq kəsb edir və ölkələr arasında iqtisadi əlaqələrin inkişafında tamamilə müsbət tendensiya müşahidə olunur. 2011-ci ildə əmtəə mübadiləsi 2010-cu illə müqayisədə 2,9 faiz artıb", - nazir müavini bildirib.
Bolqarıstanın regional inkişaf və ictimai işləri naziri Liliyana Pavlovanın sözlərinə görə, Bolqarıstan Azərbaycanla müxtəlif sahələrdə, həmçinin tikinti və turizm sahələrində əməkdaşlıqda maraqlıdır.
"Xüsusilə biz "Baku White City" və "Şahdağ" qış-yay turizm kompleksi layihələrində iştiraka maraq göstəririk. Biz Bolqarıstanın tikinti şirkətlərinin iştirak edə biləcəkləri Azərbaycandakı layihələr haqqında daha çox bilmək istəyirik", - Pavlova biznes forumunda bildirib.
Onun sözlərinə görə, Bolqarıstan Azərbaycanla uzunmüddətli iqtisadi əlaqələrin inkişafında və əməkdaşlıqda maraqlıdır.
Bu gün Azərbaycanda Bolqarıstan kapitalı ilə 10 şirkət fəaliyyət göstərir.
Tədbirdə Azərbaycan sahibkarları və şirkətləri, həmçinin Bolqarıstanın 12 müəssisəsinin nümayəndələri, Bolqarıstanın İnşaat Palatası daxil olmaqla, PST Holding, Euro Alliance Engineering və başqaları iştirak ediblər.