Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir E.İsmayılov/
Yaxın vaxtlarda açıq hökumətin təşviqi və korrupsiya ilə mübarizə üzrə milli fəaliyyət planlarının icrası çərçivəsində Azərbaycan Vergilər Nazirliyi tədbirlər planını təsdiqləyəcək. Trend-in məlumatına görə, bu barədə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində təşkil edilmiş "Açıq qapı günü" çərçivəsində vergilər nazirinin müşaviri Günay Cəfərli cümə axşamı jurnalistlərə bildirib.
Onun sözlərinə görə, nazirlik tərəfindən işin şəffaflığının təminatı, KİV-lə əməkdaşlığın qaydaya salınması, vergi orqanlarının fəaliyyəti haqqında informasiyanın ictimaiyyətinin diqqətinə çatdırılması, həmçinin korrupsiya ilə mübarizə üçün bütün zəruri işlər görülür.
Şəffaflığın təminatı və korrupsiya ilə mübarizə məqsədilə vergi ödəyiciləri ilə vergi orqanları işçilərinin əlaqələrinin minimuma endirilməsi və iş prosesinin avtomatlaşdırması üçün işlər həyata keçirilib.
KİV nümayəndələri tədbirdə departamentin müxtəlif idarələri və bölmələrinin işi ilə tanış olublar.
Departamentin İstintaq idarəsinin rəis müavini Miri Bağırov jurnalistlərlə görüş zamanı bildirib ki, 2012-ci il ərzində departament 358 cinayət işi qaldırıb, 311 halda istintaq başa çatıb. Təhqiqatdan sonra 66 cinayət işi məhkəmə orqanlarına təhvil verilib, 245 cinayət işi dəymiş zərərin tam ödənilməsi səbəbindən və başqa qanuni əsaslara uyğun olaraq bağlanıb.