Azərbaycan, Bakı, 16 dekabr /Trend/
Son günlər hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda nəqliyyatın hərəkətində tam dayanmalar olmasa da, müəyyən çətinliklər yaranıb.
Güclü qar yağması nəticəsində Giləzi yol ayrıcından Siyəzənə qədər olan yol hissəsi təxminən 50 sm hündürlükdə qarla örtülüb və eyni zamanda güclü küləklə müşahidə olunan qar sovurması başlanıb.
"Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev Trend-ə bildirib ki, həmin ərazinin təmizlənməsi üçün yol texnikası, maşın mexanizmləri və işçi qüvvəsi səfərbər olunub.
İriqabaritli və ağırtonnajlı nəqliyyat vasitələrinin hərəkəti yol texnikasının işində müəyyən çətinliklər yaradıb.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC iriqabaritli, ağırtonnajlı və ümumiyyətlə texniki cəhətdən nasaz olan nəqliyyat vasitələrinin sahiblərindən hava şəraiti sabitləşənə qədər Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolundan istifadə etməmələrini xahiş edir.