Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir A.Axundov/
Dünya Bankı (DB) 2013-cü ildə Azərbaycanda ÜDM-in artımını 4,2 faiz səviyyəsində proqnozlaşdırır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü DB-nin "Qlobal iqtisadi perspektivlər" (Global Economic Prospects) adlı məruzəsində deyilir.
Dünya Bankı 2014-cü ildə Azərbaycanda ümumi istehsalın arımını 3,7 faiz, 2015-ci ildə isə 3,6 faiz səviyyəsində gözləyir.
DB-nin proqnozlarına əsasən, 2013-cü ildə cari əməliyyatların hesab profisitinin ÜDM-ə nisbəti 12,4 faiz, 2014-cü ildə 11,4 faiz, 2015-ci ildə isə 9,9 faiz səviyyəsində gözlənilir. Bankın hesablamalarına görə, 2012-ci ildə bu nisbət 15,5 faiz səviyyəsində olacaq.
2011-ci ildə olduğu kimi, ötən il Azərbaycanda ÜDM-in artımı tamamilə qeyri-neft sektorunun hesabına formalaşdırılıb. Ötən il qeyri-neft sektorunun artımı 9,7 faiz təşkil edib, sektorun ÜDM-də payı isə 52,7 faizədək artıb.