...

Biləsuvar sərhəd-keçid məntəqəsi 24 saat fəaliyyət göstərəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Aprel 2013 10:44 (UTC +04:00)
Biləsuvar sərhəd-keçid məntəqəsi 24 saat fəaliyyət göstərəcək. Bunu İranın Azərbaycandakı səfiri Möhsin Pakayin deyib.
Biləsuvar sərhəd-keçid məntəqəsi 24 saat fəaliyyət göstərəcək

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir T.Cəfərov/

Biləsuvar sərhəd-keçid məntəqəsi 24 saat fəaliyyət göstərəcək. Bunu İranın Azərbaycandakı səfiri Möhsin Pakayin deyib. Bu barədə İranın Azərbaycandakı səfirliyindən Trend-ə məlumat verilib.

Pakayin deyib ki, Biləsuvar (İran) şəhəri və sərhəd-keçid məntəqəsi də azad iqtisadi zonaya çevriləcək. "Bunun üçün Biləsuvar "Araz" Azad İqtisadi Zonasının tərkibinə birləşdirləcək. Artıq bu sahədə Araz azad iqtisadi zona rəhbərliyi ilə də razılıq əldə olunub", - Pakayin deyib.

Səfir deyib ki, Biləsuvar (İran) şəhərinin azad iqtisadi zonaya çevirilməsi ilə Biləsuvar sərhəd-keçid məntəqəsinin fəaliyyət müddəti saatı artırılacaq və 24 saat fəaliyyət göstərəcək.

İranın Azərbaycanla həmsərhəd olan Culfa bölgəsi ərazisində 9 il əvvəl yaradılan "Araz" Azad İqtisadi Zonası 53 min hektar ərazini əhatə edir. Zona Culfa şəhərindən başlayır və Xudafərin, Canənlu və Qulubəyli kəndlərinə kimi uzanır. "Araz" İqtisadi Zonasının Culfa şəhərində ərazisi 21 min hektar təşkil edir. Zonanın ən böyük hissəsi, yəni 33 min hektar sahəsi Qulubəyli - Xudafərin bölgəsində yerləşir.

İqtisadi zonada fəaliyyət göstərən müəssisələr 20 il müddətinə vergidən və digər rüsumlardan azad edilirlər. Bu həm də əcnəbi iş adamlarına aiddir. Artıq Azərbaycandan da bir neçə sahibkar bu zonada sərmayə qoyub. İran tərəfi bu iqtisadi zonanın Azərbaycanla müştərək təşkil edilməsini istəyir. Bu məsələ iki ölkənin rəsmiləri arasında bir neçə dəfə müzakirə edilib.

Pakayin əlavə edib ki, sərnişinlər, tacirlər və sahibkarlara göstərilən xidmətlər asanlaşdırılacaq və Biləsuvar şəhərində (İran) iqtisadi və ticarət fəaliyyət üçün potensiallar gücləndiriləcək. Pakayin, həmçinin İran və Azərbaycan əlaqələrinin daim inkişaf etməkdə olduğunu vurğulayıb.

"Bəziləri İran və Azərbaycan əlaqələrinin inkişafına ziyan vurmağa çalışır, lakin iki ölkənin əlaqələri dərin mədəni köklərə əsaslanaraq inkişaf etməkdədir", - Pakayin bildirib.

Qeyd edək ki, Azərbaycan və İran arasında Astara sərhəd-keçid məntəqəsi ilə yanaşı, Biləsuvar və Culfa sərhəd-keçid məntəqələri də fəaliyyət göstərir.

İran Azərbaycan vətəndaşları üçün viza rejimini birtərəfli qaydada ləğv edib. 2010-cu il fevralın 1-dən etibarən İrana gedən Azərbaycan vətəndaşlarından viza tələb olunmur.

Bir neçə gün əvvəl İranın Azərbaycandakı səfiri Möhsin Pakayin Biləsuvar sərhəd-keçid məntəqəsində olaraq orada görülən işlərlə tanış olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti