Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir A.Axundov/
Əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov cümə axşamı İndoneziyanın işçi qüvvəsi naziri Muhamin İsgəndər, Bruneyin daxili işlər naziri Pexin Dato Ustaz Hacı, Mavritaniyanın ictimai xidmət, əmək və idarəetmənin modernləşdirməsi naziri Amati bint Hamadi ilə görüşlər keçirib.
Trend-in məlumatına görə, görüşlər İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin əmək nazirlərinin ikinci iclası çərçivəsində keçirilib.
İkitərəfli görüşlərin iştirakçıları Azərbaycanda əmək və məşğulluq sahəsində İƏT strukturunun yaradılması ideyasını dəstəkləyiblər. Mənzil-qərargahı Azərbaycan paytaxtında yerləşəcək yeni təşkilatın yaradılması haqqında razılaşma İƏT-in baş katibi Ekməllədin İhsanoğlunun Bakıda keçirdiyi görüşlər zamanı əldə olunub.
Yeni struktur vahid peşəkar standartların, əmək təhlükəsizliyi standartlarının hazırlanması, əmək şəraitinə riayət edilməsi, əlillik üzrə müavinətlərin təyini məsələləri ilə məşğul olacaq. Təşkilatın konvensiyası qəbul ediləcək. Konvensiyaya İslam dünyasının bütün ölkələri qoşulacaq. Hələlik təşkilatın adı müəyyənləşdirilməyib, lakin struktur Azərbaycanın yaxın iki ildə İƏT-in Əmək və sosial müdafiə məsələləri komitəsində sədrliyi dövründə yaradılacaq.
Əmək nazirlərinin görüşü zamanı tərəflər ikitərəfli münasibətlərin genişləndirilməsi imkanını da müzakirə ediblər.
İkitərəfli görüşlər cümə günü də davam edəcək: Ələkbərov Əfqanıstan, Qviney və Fələstinin əmək nazirləri ilə görüşəcək.