Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir E. Əliyev/
Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) beynəlxalq maliyyə təşkilatı Azərbaycanın maliyyə institutları ilə kredit sazişi imzalayıb.
QDTİB Müdirlər Şurasının XV illik yığıncağı çərçivəsində cümə günü Bakıda keçirilən Azərbaycan biznes forumunun yekunu üzrə imzalanıb.
5 milyon dollar dəyərində olan 5 illik ilk kredit sazişi "Unibank" ASC ilə imzalanıb.
QDTİB-nin sədri Andrey Kondakovun sözlərinə görə, bu saziş bankın Azərbaycan iqtisadiyyatının inkişafına verdiyi növbəti töhfədir.
Öz növbəsində, "Unibank" ASC-nin İdarə Heyətinin sədri Faiq Hüseynov qeyd edib ki, mövcud kredit sazişi sayca dördüncüdür və növbəti sazişin imzalanması gələn il gözlənilir. Hüseynovun sözlərinə görə, QDTİB-nin "Unibank" ASC ilə əməkdaşlığı artıq 8 ildir davam edir.
Bundan başqa, "FINCA Azerbaijan" kredit təşkilatı ilə 10 milyon dollar dəyərində kredit sazişi imzalınıb. Kondakovun sözlərinə görə, bu təşkilat Azərbaycanda mikromaliyyələşdirmə bazarının lideridir və ölkənin aqrar regionlarınin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edir.
"FINCA Azerbaijan"ın rəhbəri Maniş Sane dəstəyə görə QDTİB-yə təşəkkür edib və qeyd edib ki, ayrılan kredit regionlarda kreditləşmənin genişləndirilməsi üçün nəzərdə tutulub.
4 milyon dəyərində olan üçüncü saziş QDTİB və "TBC kredit" arasında imzalanıb.
Kondakovun sözlərinə görə, QDTİB Gürcüstanın TBC bankı ilə fəal əməkdaşlıq edir və məmnunluğunu bildirib ki, bu əməkdaşlıq Azərbaycanda da genişlənib. Ayrılan kredit kiçik və orta biznesin kreditləşməsinə ayrılacaq.