...

"Təmiz şəhər naminə" IV Ekoloji Yay Məktəbi uğurla başa çatıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 İyul 2013 17:35 (UTC +04:00)
IV Ekoloji Yay Məktəbi tullantıların idarə olunması sahəsində gənclərin maarifləndirilməsinə, ekoloji mədəniyyətin inkişaf etdirilməsinə və ictimaiyyəti ətraf mühitin birgə mühafizəsinə yönəltməyə xidmət edib.
"Təmiz şəhər naminə" IV Ekoloji Yay Məktəbi uğurla başa çatıb (FOTO)

Azərbaycan, Bakı, 15 iyul /Trend/

İyulun 11-15-i tarixlərində Heydər Əliyev Fondunun dəstəyi ilə "Təmiz Şəhər" ASC tərəfindən Mingəçevir şəhərində keçirilən "Təmiz şəhər naminə" IV Ekoloji Yay Məktəbi başa çatıb. IV Ekoloji Yay Məktəbi tullantıların idarə olunması sahəsində gənclərin maarifləndirilməsinə, ekoloji mədəniyyətin inkişaf etdirilməsinə və ictimaiyyəti ətraf mühitin birgə mühafizəsinə yönəltməyə xidmət edib.

"Təmiz Şəhər" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 5 gün davam edən yay məktəbi ərzində 50 tələbə tullantıların idarə olunması sahəsində əsas anlayışlar, tullantıların növləri, onların idarə olunması prosesi və zərərsizləşdirilməsi üsulları haqqında biliklərə yiyələnib. ASC-nin mütəxəssisləri tərəfindən iştirakçılara qurumun fəaliyyəti nəticəsində ölkəmizdə tullantıların idarə olunması sahəsində əldə olunan nailiyyətlər, bərk məişət tullantılarının yandırılması və çeşidlənməsi zavodları, ölkədə "yaşıl iqtisadiyyat"ın inkişaf etdirilməsi məqsədilə qurulan Balaxanı Sənaye Parkı və gələcək layihələr haqqında məlumat verilib. Yay məktəbinin təlim-tədris hissəsində ekologiya və tullantıların idarə olunması sahəsində yerli mütəxəssislər tərəfindən tələbələr üçün mühazirələr keçirilib və mövzu ətrafında debatlar təşkil edilib. Gənclərin asudə vaxtlarını maraqlı keçirmələri üçün müxtəlif komanda oyunları, intellektual və ekoloji yarışmalar keçirilib.

Sonda IV Ekoloji Yay Məktəbində iştirak edən gənclərə "Təmiz Şəhər" ASC tərəfindən sertifikatlar verilib.

Qeyd edək ki, "Təmiz Şəhər" ASC tərəfindən ekoloji yay məktəblərinin təşkili artıq ənənəyə çevrilib. 2010-cu ildən etibarən Quba, Şəki və Lənkəran şəhərlərində keçirilən yay məktəblərinin davamı olan "Təmiz Şəhər Naminə" yay məktəbi artıq 4-cü dəfədir keçirilir və bu günə kimi yay məktəbində 200-ə yaxın gənc iştirak edib. IV Ekoloji Yay Məktəbi "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin təşkilati dəstəyi ilə keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti