Azərbaycan, Bakı, 18 iyul /Trend/
"AtaBank" ASC-nin 2013-cü ilin iyun ayının maliyyə təsərrüfat fəaliyyətinin nəticələri uğurlu olub. Bankdan Trend-ə verilən məlumata görə, 2012-ci ilin iyun ayı ilə müqayisədə aktivlər 28.9 faiz və ya 68.1 mln manat artaraq 303.5 mln. manat olub.
Aktivlərin əsas hissəsini təşkil edən kredit portfelində də nəzərə çarpacaq dərəcədə artım olub. Ümumi kredit portfeli 32.3 faiz və ya 53.3 mln. manat artaraq, 218.4 mln. manat təşkil edib.
Hesabat tarixinə bankın depozit portfelində əhəmiyyətli dərəcədə artım müşahidə olunub. Belə ki, bu göstərici 29.1 faiz və ya 57.2 mln. manat artaraq, 254.0 mln. manat təşkil edib. Qeyd edək ki, 2012-ci ilin iyun ayında bu göstərici 196.8 mln. manat təşkil edib. Eyni müddət ərzində əhalinin müddətli əmanətləri 44.8 mln. manat və ya 41.3 faiz artaraq 153.0 mln. manatı keçib.
2012-ci ilin iyun ayı ilə müqayisədə nizamnamə kapitalı 11.9 faiz və ya 2.9 mln. manat artaraq 27.9 mln. manat olub.
1993-cü ildən fəaliyyət göstərən "AtaBank" hazırda 24 filialla ölkə əhalisinin xidmətindədir. Bankın filiallarından 12-si Bakı şəhərində, 12-si isə ölkənin Gəncə, Sumqayıt, Xaçmaz, Yevlax, Mingəçevir, Şəmkir, Göyçay, Şirvan, Naftalan və Lənkəran şəhərlərində yerləşir.
Daha ətraflı məlumat üçün www.atabank.com saytına və ya www.facebook.com/atabank səhifəsinə daxil olmaq olar.