...

Azərbaycanda bank olmayan kredit təşkilatları pul bazarına çıxış əldə edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyul 2013 13:31 (UTC +04:00)
Bakı Banklararası Valyuta Birjası (BBVB) 20 illik yubileyi üçün Birja Elektron Ticarət Sisteminin (BEST) yeni versiyasını buraxmağı planlaşdırır.
Azərbaycanda bank olmayan kredit təşkilatları pul bazarına çıxış əldə edəcək

Azərbaycan, Bakı, 27 iyul /Trend/

Bakı Banklararası Valyuta Birjası (BBVB) 20 illik yubileyi üçün Birja Elektron Ticarət Sisteminin (BEST) yeni versiyasını buraxmağı planlaşdırır.

Trend-in BBVB-yə istinadən verdiyi məlumata görə, həmin versiya pul bazarının inkişafı ilə bağlı yeniliklərlə təchiz edilib və dörd seqmentdən ibarətdir.

Birinci seqment - BakiBID və BakiBOR pul indikatorlarının formalaşması seqmentidir. İkinci seqment - depozit auksionu seqmentidir ki, burada iştirakçı qismində eynilə kommersiya bankları və sığorta şirkətləri çıxış edə bilərlər. Üçüncü seqment - pul vəsaitlərinin yerləşdirmə və cəlb edilməsi üzrə limitli pul bazarı seqmentidir. Dördüncü seqment isə Zəmanətli Pul Bazarı (ZPB) seqmentidir.

2013-cü il aprel ayından etibarən pul bazarına yeni iştirakçıların - Azərbaycanın sığorta şirkətlərinin cəlb edilməsi üzrə iş aparılır. İndiyədək "Atəşgah Sığorta", "Buta Sığorta" və "Ata Sığorta", həmçinin "AzRE" yeganə təkrar sığorta şirkəti ilə razılıq əldə edilib. Sığorta şirkətləri pul vəsaitlərinin potensial təchizatçılarıdır.

Hazırda bank olmayan kredit təşkilatları (BOKT) ilə bazara iştirakçı qismində cəlb edilmə haqqında danışıqlar aparılır.

Məlumatda deyilir: "Bu isə bir daha onu sübut edir ki, BBVB-nin elektron ticarət sistemi yeni iştirakçıların cəlb olunması, dövriyyədə olan alətlərin çoxalması, eləcə də keçirilən əməliyyatların artırılması baxımından gələcək inkişaf üçün kifayət qədər potensiala malikdir".

Azərbaycanın maliyyə bazarında 20 illik uğurlu fəaliyyət Bakı Banklararası Valyuta Birjasının bundan sonra da inkişaf etməsi və bir regional mərkəzə çevrilməsi üçün əsaslı təməl yaradıb.

BBVB-nin 2013-cü il 1 iyun tarixinə məcmu ticarət dövriyyəsi dollar ekvivalenti ilə təxminən 15 milyard təşkil edib. Həmçinin, 20 il ərzində birjada 6 900-dən artıq ticarət sessiyası keçirilib.

1993-cü il iyulun 26-da Azərbaycanda valyuta birjasının yaradılması təşəbbüsünü ölkənin Milli Bankı və dövlət kredit idarələri - Beynəlxalq, Əmanət, Sənaye və İnvestisiya, eləcə də Aqrar və Sənaye bankları öz üzərilərinə götürüblər. Maliyyə sisteminin əsas hissəsinə çevrilən BBVB öz fəaliyyətinin başlanğıcında valyuta bazarının mütəşəkkil şəkildə formalaşdırılması məqsədinə yönəlmişdi. Gələcəkdə maliyyə xidmətləri spektrinin genişlənməsi birja meydançasının formalaşmasının universallıq prinsipini qabaqcadan müəyyən etmişdi.

BBVB və onun səhmdarları tərəfindən ilk dəfə həyata keçirilmiş layihələr arasında Maliyyə Nazirliyinin dövlət qısamüddətli istiqrazlarının (DQİ) emissiya dövriyyələrinin xidmət olunması, səhmlər bazarı sektorunda ilk razılaşmaların təşkil olunması, qiymətli kağızlar depozitariyasının yaradılması, fond bazarında aparılan əməliyyatların mühasibat uçotu standartlarının təsdiqlənməsi, listinq üzrə xüsusi komissiyanın yaradılması, ilk banklararası kredit auksionlarını, həmçinin universal ticarət və hesablaşma birja kompleksinin işə salınmasını qeyd etmək olar. Həmin kompleks 2002-ci ildə birja tərəfindən istismara buraxılmış və Qafqazda ilk birja ticarət sisteminə çevrilmiş BEST informasiya və ticarət sisteminin əsasını təşkil etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti