...

"Quba-Xaçmaz iqtisadi rayonunun sosial-iqtisadi inkişafı: nailiyyətlər və perspektivlər" mövzusunda tədbir keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 İyul 2013 15:26 (UTC +04:00)
İyulun 31-də Xaçmaz rayonunda “Quba-Xaçmaz iqtisadi rayonunun sosial-iqtisadi inkişafı: nailiyyətlər və perspektivlər” mövzusunda tədbir keçirilib.

Azərbaycan, Bakı, 31 iyul /Trend/

İyulun 31-də Xaçmaz rayonunda "Quba-Xaçmaz iqtisadi rayonunun sosial-iqtisadi inkişafı: nailiyyətlər və perspektivlər" mövzusunda tədbir keçirilib. Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində keçirilmiş tədbirdə İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Dünya Bankının, Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndələri və Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən 300-ə yaxın sahibkar iştirak edib.

Nazirliyin mətbaut xidmətindən Trend-ə verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə yeni fəaliyyətə başlamış Quba-Xaçmaz Regional İnkişaf Mərkəzinin sərgi zalında "Quba-Xaçmaz iqtisadi rayonu: uğurlu regional siyasətin nəticələri" adlı sərgi ilə tanış olublar. Sərgidə regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları çərçivəsində Quba-Xaçmaz iqtisadi rayonunda görülmüş işlər və əsas sosial-iqtisadi göstəricilər geniş əks olunub.

Tədbiri giriş sözü ilə açan iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov Azərbaycan Prezidenti İlham Əliyevin regionların inkişafına böyük diqqət və qayğı göstərdiyini vurğulayıb, regionların tarazlı inkişafının təmin olunmasında ölkə başçısı tərəfindən təsdiq olunmuş dövlət proqramlarının uğurlu icrasının xüsusi əhəmiyyətini qeyd edib. Bildirilib ki, hazırda "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası uğurla davam etdirilir, yeni müəssisələr və iş yerləri açılır, müasir infrastruktur yaradılır. Dövlət başçısı tərəfindən Xaçmazda iyulun 19-da açılışı edilən Quba-Xaçmaz Regional İnkişaf Mərkəzi regionun gələcək iqtisadi inkişafına töhfə verəcək və bu regionun mövcud potensialından səmərəli istifadə etməklə prioritet istiqamətlər üzrə təkliflərin hazırlanmasına və təşviqat işlərinin aparılmasına xidmət edəcək. Mərkəzin fəaliyyət istiqamətlərindən biri gənclərin sahibkarlıq fəaliyyətinə cəlb olunması, biznesini təkmilləşdirmək istəyən kiçik sahibkarlar üçün davamlı maarifləndirmə işlərinin təşkili, konsaltinq və informasiya xidmətlərinin göstərilməsidir.

N.Səfərov çıxışında bu ilin birinci yarısı üzrə əsas makroiqtisadi göstəricilər barədə də məlumat verib. Qeyd olunub ki, Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı makroiqtisadi sabitliyin qorunması, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, sənayeləşmə siyasətinin davam etdirilməsi, Dövlət İnvestisiya Proqramının tam icra olunması, ölkə iqtisadiyyatına investisiyaların cəlb edilməsi və xarici ölkələrə investisiya qoyuluşu, rəqabətqabiliyyətli məhsul istehsalının və xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, infrastruktur layihələrinin, kənd, qəsəbədaxili və qəsəbələrarası yolların, su və kanalizasiya layihələrinin tikintisinin davam etdirilməsi, müasir texnologiyaların tətbiqinin daha da genişləndirilməsi və digər sahələrdə konkret tapşırıqlar verib.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev dövlət başçısının diqqət və qayğısı nəticəsində regionların sürətlə inkişaf etdiyini, müasir texnologiyalara əsaslanan yeni müəssisələrin yaradıldığını və məşğulluq səviyyəsinin artdığını vurğulayıb. Bildirilib ki, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində ölkənin digər bölgələrində olduğu kimi, Xaçmaz rayonunda da quruculuq-abadlıq işləri geniş vüsət alıb, yeni istehsal və xidmət müəssisələri, sosial infrastruktur obyektləri açılıb, əhalinin məşğulluq səviyyəsi artıb.

AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru İsa Alıyev, İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev ölkənin təbii və əmək potensialından səmərəli istifadə etməklə regionların, eyni zamanda, qeyri-neft sektorunun sürətli inkişafının təmin edilməsi üçün elmi araşdırmaların zəruriliyini qeyd edib, bu sahədə həyata keçirilən tədqiqat işləri barədə məlumat veriblər.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov, Xarici ticarət siyasəti və ÜTT şöbəsinin müdiri Bəxtiyar Alışov, Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdir müavini Fərrux Dadaşov, Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov çıxışlarında "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda Quba-Xaçmaz iqtisadi rayonu, o cümlədən Xaçmaz rayonu üzrə nəzərdə tutulmuş tədbirlər, sahibkarlara göstərilən elektron xidmətlər, ölkədə istehsal olunan məhsulların yeni bazarlara çıxış imkanları və bu istiqamətdə həyata keçirilən tədbirlər barədə məlumat veriblər.

Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidentinin müşaviri Faiq Səmədov çıxışında ölkənin dinamik iqtisadi inkişafında, dövlət proqramlarından irəli gələn vəzifələrin icrasında sahibkarların yaxından iştirak etdiyini bildirib, Azərbaycanda sahibkarlığın inkişafına böyük diqqət göstərildiyini vurğulayıb.

Tədbirdə çıxış edən beynəlxalq təşkilatların nümayəndələri Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması, kiçik və orta sahibkarlığın inkişafına göstərilən dəstək tədbirlərini müsbət qiymətləndirib və bu istiqamətlərdə həyata keçirilən tədbirlərin vacibliyini vurğulayıblar.

Tədbir çərçivəsində iki panel iclas keçirilib. Sənaye parklarının yaradılması üzrə keçirilmiş panel iclasda ölkədə uğurla həyata keçirilən sənayeləşmə siyasətinə uyğun olaraq yaradılan Sumqayıt Kimya Sənaye Parkının təqdimatı keçirilib, sənaye parkında müəssisələrin rezident kimi qeydiyyata alınması və sahibkarlara ediləcək güzəştlər barədə məlumat verilib.

Kiçik sahibkarlığın inkişafı ilə bağlı keçirilmiş digər panel iclasda isə sahibkarlığın inkişafı sahəsində görülmüş işlər barədə məlumat verilib, kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar üçün biznes planların hazırlanmasına dair maarifləndirici tədbir keçirilib.

Panel iclaslarda sahibkarları maraqlandıran suallar da cavablandırılıb.

Tədbirdə çıxış edən sahibkarlar ölkədə özəl bölmənin inkişafına yaradılmış şəraitə, göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti