Azərbaycan, Bakı, 2 avqust /Trend, müxbir H. Vəliyev/
Azərbaycanda ixracat potensialında və xarici tərəfdaşların sayında xeyli artım müşahidə edilir. Trend-in məlumatına görə, bu barədə cümə günü Azərbaycanda İxracın və İnvestisiyanın Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov "İxracatçılar üçün vəsait" kitabının təqdimatında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ölkədə tələb edilən standartlara uyğun yeni texnoloji infrastruktur, məhsul istehsalının yaradılması ixracatın artımına təkan verdi.
Son 10 ildə Azərbaycanın xarici ticarət dövriyyəsi 8,8 dəfə, ixracat 11 dəfə, qeyri-neft ixracatı 6,5 dəfə artıb.
Əgər 10 il əvvəl respublikanın ticarət tərəfdaşlarının sayı 80 ölkə olduğu halda, hazırda bu rəqəm 155-ə çatıb.
Hazırda Azərbaycan məhsulları ABŞ, Avstraliya, Yeni Zelandiya və Avropanın bir çox ölkələrində reallaşdırılır.
Məmmədov deyib: "Biz ənənəvi olaraq, hər il ixracatçılar üçün təlimlər keçirik. İlin sonunadək xarici ixracatçıların iştirakı ilə 2-3 təlimin keçirilməsi gözlənilir".