Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir E.Əliyev/
Hazırda Azərbaycanda 310 mindən çox insana aylıq sosial müavinət ödənilir. Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərovun hakim Yeni Azərbaycan Partiyasının saytında yerləşdirilən müsahibəsində bildirilir.
Nazir vurğulayıb: "Azərbaycanda ənənəvi sosial müavinətlər sistemi mövcuddur. Onların məbləği son on ildə 2,5 dəfə artırılıb".
Onun sözlərinə görə, bununla yanaşı bu müddətdə Azərbaycan Respublikası qarşısında xüsusi xidmətlər göstərmiş şəxslərin sosial rifah halının yaxşılaşdırılması məqsədilə ölkəmizdə ayrı-ayrı kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü institutu formalaşdırılıb: "Bu müddətdə Azərbaycan Respublikası Prezidentinin müxtəlif Fərman və Sərəncamlarına əsasən, 35 minə yaxın insana, o cümlədən Şəhid ailələrinə, müharibə əlillərinə Prezident təqaüdləri təyin olunub".
Nazir bildirib ki, 2008-ci ildən etibarən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə, yaxud bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə, ümumilikdə, 1700-dən artıq insana aylıq və birdəfəlik müavinətlər təyin olunaraq ödənilib.
Ələkbərov əlavə edib: "2007-ci ildən etibarən sosial müdafiə sistemində yeni istiqamət kimi penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan 500-dən çox insana orta aylıq əməkhaqqı 215 manat olmaqla zərərə görə ödəncin əvəzinə aylıq kompensasiyalar verilib".