...

İqtisadi İnkişaf Nazirliyi: Azərbaycanın iqtisadi uğurları ölkə qarşısında yeni məqsədlər qoyur

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Sentyabr 2013 14:24 (UTC +04:00)
Azərbaycanın iqtisadi uğurları ölkə qarşısında yeni məqsədlər qoyur.
İqtisadi İnkişaf Nazirliyi: Azərbaycanın iqtisadi uğurları ölkə qarşısında yeni məqsədlər qoyur

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir E. Əliyev/

Azərbaycanın iqtisadi uğurları ölkə qarşısında yeni məqsədlər qoyur. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova Bakıda keçirilən I Avropa-Azərbaycan İnvestisiya Konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Aİ ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir. Aİ ölkələri Azərbaycanın əmtəə dövriyyəsininin təqribən 45 faizini formalaşdırır və ittifaq uzun illər ərzində ölkəmizin qabaqcıl ticarət tərəfdaşıdır.

S. Həsənova qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən düşünülmüş və uğurlu siyasət sayəsində Azərbaycan qısa müddət ərzində böyük uğurlar qazana, sabit iqtisadi inkişafı təmin edə və beynəlxalq iqtisadi sistemə uğurla inteqrasiya edə bilib.

Nazir müavini bildirib ki, son 10 il ərzində ölkə ÜDM-i 3,4 dəfə artıb, strateji valyuta ehtiyatları 50 milyard dollara yaxınlaşıb, yerli iqtisadiyyata 132 milyard dollar investisiya yatırılıb: "Vergi sisteminin əhəmiyyətli inkişafı və vergi qoyuluşu ilə bağlı prosedurların sadələşdirilməsi nəticəsində Azərbaycanda fərdi sahibkarlığın inkişafına böyük təkan verildi. Ökənin iqtisadi inkişafı beynəlxalq təşkilatlar və reytinq agentlikləri tərəfindən layiqincə qiymətləndirilir".

Onun sözlərinə görə, bu təsiredici uğurlar ölkə qarşısında yeni məqsədlər qoyur: "Yaxın 10 il ərzində əsas məqsədlərdən biri Aİ ölkələrilə iqtisadi əməkdaşlığın gələcək inkişafı, region ölkələrilə əmtəə dövriyyəsinin artmasıdır. Bu əməkdaşlığın inkişafında Avropa və Azərbaycanın işgüzür dairələri arasına əlaqələrin dərinləşməsi ciddi rol oynayır".

Çərşənbə günü Bakıda I Avropa-Azərbaycan İnvestisiya Konfransı keçirilir. Tədbirdə 12 ölkədən 190-dan artıq iş adamı, həmçinin beynəlxalq təşkilatların, diplomatik korpusun və dövlət strukturlarının nümayəndələri iştirak edirlər.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) , Almaniya-Azərbaycan Xarici Ticarət Palatası, Avropa Palataları Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyilə keçirilən konfrans zamanı Avropa və Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də sahibkarlar arasında qarşılıqlı fəaliyyətin genişləndirilməsi potensialı üzrə müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti