...

Qabon Azərbaycan gömrüyünün təcrübəsini öyrənmək niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Oktyabr 2013 16:27 (UTC +04:00)
Qabon Azərbaycan gömrükçülərinin təcrübəsinin öyrənilməsi və bu təcrübəninin tətbiq olunmasında maraqlıdır.
Qabon Azərbaycan gömrüyünün təcrübəsini öyrənmək niyyətindədir

Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir E.Əliyev/

Qabon Azərbaycan gömrükçülərinin təcrübəsinin öyrənilməsi və bu təcrübəninin tətbiq olunmasında maraqlıdır. Trend-in məlumatına görə, bu barədə Qabonun Gömrük İdarəsinin direktoru Mişel Ondinqa Nquenque Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyevlə Bakıda görüşü zamanı bildirib.

DGK sədrinin sözlərinə görə, Azərbaycan gömrükçüləri kinologiya sahəsində və "bir pəncərə" sisteminin tətbiqində kifayət qədər təcrübə qazanıblar.

A.Əliyev deyib: "Bu təcrübə həmkarlarımızın işinə yardım edə bilər və biz bu təcrübəni bölüşməyə və əlimizdən gələn köməyi göstərməyə hazırıq. Bu, Qabondan olan nümayəndə heyətinin Azərbaycana ilk səfəridir və ümid edirəm ki, bu səfər ölkələrimiz arasında uğurlu və möhkəm əməkdaşlığın əsasını qoyacaq".

M.O.Nquenque vurğulayıb ki, Qabon nümayəndə heyətinin Azərbaycana səfərinin məqsədi təcrübənin öyrənilməsi və əməkdaşlığın qurulmasıdır: "Azərbaycan və Azərbaycan gömrükçülərinin uğurları bütün dünyaya məlumdur. Bizim idarəyə sizin inzibatçılıq, risklərin idarə olunması və başqa sahələrdəki təcrübəniz gərəkli olacaq. Biz Azərbaycan DGK-nın mütəxəssislərini inkişaf edə biləcəyimiz sahələri yerindəcə öyrənmələri üçün ölkəmizə səfər etməyə dəvət edirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti