...

Magistral su kəmərinin Qala qəsəbəsindən Zirə qəsəbəsinədək hissəsinin inşasına başlanıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Noyabr 2013 16:35 (UTC +04:00)
“2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində ən böyük layihələrdən olan Ceyranbatan-Balaxanı-Ramana-Qala-Pirallahı magistral su kəmərinin Qala qəsəbəsindən Zirə qəsəbəsinədək hissəsinin inşasına başlanıb.
Magistral su kəmərinin Qala qəsəbəsindən Zirə qəsəbəsinədək hissəsinin inşasına başlanıb (FOTO)

Azərbaycan, Bakı, 13 noyabr /Trend/

"2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində ən böyük layihələrdən olan Ceyranbatan-Balaxanı-Ramana-Qala-Pirallahı magistral su kəmərinin Qala qəsəbəsindən Zirə qəsəbəsinədək hissəsinin inşasına başlanıb.

"Azərsu" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ceyranbatan-Balaxanı-Ramana-Qala magistral su kəmərinin davamı olaraq tikilən xətt 22,2 km layihələndirilib və 1020 mm diametrli metal borularla çəkilir. İnşaat işlərinə başlanandan kəmərin 2,7 km-lik hissəsində qaynaq işləri başa çatdırılıb və borular xəndəyə endirilib. Kəmərin tikintisində ən son texnologiyalardan istifadə olunur. Borular avtomatik idarə olunan qaynaq aparatları vasitəsilə birləşdirilir və hər bir qaynaq tikişi ultrasəs aparatı vasitəsilə yoxlanılır. Kəmərlə nəql olunacaq suyun keyfiyyət göstəricilərinin yüksək saxlanması və korroziyanın qarşısını almaq məqsədi ilə borular daxildən xüsusi izolyasiya ilə örtüklənir.

Qala-Zirə su xətti Ceyranbatan-Balaxanı-Ramana-Qala xəttinə qoşulmaqla hazırda inşa edilən 10 min kubmetr tutumlu Zirə su anbarını su ilə təmin edəcək. Növbəti mərhələdə Ceyranbatan-Balaxanı-Ramana-Qala-Pirallahı magistral su kəmərinin Zirə qəsəbəsindən Pirallahı qəsəbəsinədək olan hissəsi tikiləcək. Magistral xətt və su anbarı tam istismara verildikdən sonra Zirə, Pirallahı, Gürgan və Türkan qəsəbələrinin, həmçinin Dübəndi yaşayış məntəqəsinin 45 minə qədər sakini dayanıqlı içməli su ilə təmin ediləcək.

Hazırda bu yaşayış məntəqələrində mərkəzləşmiş içməli su təchizatı sistemi olmadığından əhali quyu sularından istifadə edir və ya suyu maşınlarla alır.

Qeyd edək ki, 2012-2013-cü illərdə tikilərək istismara verilmiş Ceyranbatan-Balaxanı-Ramana-Qala su kəməri ilə cari ilin iyul ayından yaşayış məntəqələrinə içməli suyun verilməsinə başlanıb. Ötən müddətdə magistral kəmərdən Abşeron rayonunun Mehdiabad, Digah, Məhəmmədli, Binəqədi rayonunun Gülüstan yaşayış massivinə, Sabunçu rayonunun Sabunçu, Balaxanı, Ramana və Zabrat qəsəbələrinə, Xəzər rayonunun Buzovna, Mərdəkan, Şağan və Qala qəsəbələrinə içməli suyun verilməsi təmin edilib. Magistral xəttin istismara verilməsi nəticəsində Abşeron yarımadasının kənd və qəsəbələrində mərkəzləşmiş qaydada su almayan 23 min nəfərə ilk dəfə mərkəzləşmiş qaydada su verilib. Ümumilikdə, Ceyranbatan-Qala su xəttinin istifadəyə verilməsi nəticəsində 130 minə qədər sakinin içməli su təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşıb. Onlardan 90 min nəfərin su təchizatı 24 saat fasiləsiz rejimə keçib, 40 min nəfərə yaxın sakinə suyun verilmə intervalı artırılıb.

Ceyranbatan-Balaxanı-Ramana-Qala-Pirallahı magistral su xətti tam istismara verildikdən və qəsəbələrdə paylayıcı şəbəkələr yenidən qurulduqdan sonra Abşeron yarımadasında 1 milyona yaxın sakinin içməli su təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti