...

"AzMeCo" şirkəti kimyaçı tələbələrin təhsilinə dəstək verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Aprel 2014 12:20 (UTC +04:00)
MDU-nun Bakı filialının kimya fakültəsinin tələbələrinə "AzMeCo" təqaüdü təqdim edilmişdir.
"AzMeCo" şirkəti kimyaçı tələbələrin təhsilinə dəstək verib

Azərbaycan, Bakı, 7 aprel /Trend/

Ötən həftə "AzMeCo" şirkəti Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının kimya fakültəsinin tələbələrinə növbəti təqaüdünü təqdim etmişdir. Şirkətin baş ofisində keçirilən görüş zamanı Universitetin müəllim heyəti və kimya falültəsinin tələbələri iştirak etmişlər. Bu barədə Trend-ə şirkətdən məlumat verilib.

Moskva Dövlət Universitetinin Bakı filialının 2013-2014-cü tədris ilinin payız semestrinin və 2013-2014-cü tədris ili üçün universitetə qəbul imtahanlarının nəticələrinə əsasən, "AzMeCo" təqaüdünün Qızıl dərəcəsinə Yunusova Günay, Ağayeva Milanə, Kuzminskaya Olqa, Tahirova Səbinə, təqaüdün Gümüş dərəcəsinə isə Mədətli Nigar, Həsənov Təbriz, Suvarlı Nərmin, Əmirova Səbinə layiq görülmüşlər.

"AzMeCo" şirkətinin Korporativ Sosial Məsuliyyət layihələrindən biri olan bu təqaüdün hədəfi ən yüksək hazırlıqlı və müvəffəqiyyətlə oxuyan tələbələrin təhsilini dəstəkləmək, habelə ölkəmizdə neft-kimya sahəsinin gələcəyi üçün peşəkar kadrlar yetişdirilməsinə töhvə verməkdir.

"AzMeCo" şirkətinin Direktorlar Şurasının sədri Nizami Piriyev tələbələrlə görüşdə ölkəmizdə neft-kimya sənayesinin inkişafına xüsusi əhəmiyyət verildiyini və bu sahədə yerli gənc kadrlara böyük ehtiyac olduğunu qeyd etmişdir. O, həmçinin bildirmişdir ki, "AzMeCo" təqaüdünə layiq görülən tələbələr təhsillərini başa vurandan sonra şirkətin Qaradağda yerləşən, regionda ilk və tək olan metanol zavodunda işlə təmin olunma imkanı da qazanacaqlar. Bundan əlavə, Universitetin III-IV kurslarında oxuyan təqaüdçülər "AzMeCo" zavodunda istehsalat təcrübəsi keçə biləcəklər.

Azerbaycan Metanol Şirkəti (AzMeCo) 2007-ci ildə yaradılmışdır. Şirkət neft-kimya layihələrinə sərmayə qoyur, Azərbaycanda iri layihələrin reallaşdırılmasını həyata keçirir. AzMeCo 2013-cü ildə özünün inşa etdiyi metanol zavodunu tamamlamış və istifadəyə vermişdir. Zavodun illik istehsal gücü 720 min tondur. Metanol zavodları kimya sənayesində ən təmiz və ekoloji cəhətdən zərərsiz hesab edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti