Azərbaycan, Bakı, 18 aprel /Trend/
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi 2014-cü ilin 23-25 aprel tarixlərində Qazaxıstanın Almatı şəhərində keçiriləcək "KİTF 2014" beynəlxalq turizm sərgisində iştirak edəcək.
Trend nazirliyin rəsmi saytına istinadən məlumat verir ki, nümayəndə heyətinin tərkibinə Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdir müavini Rauf Paşayev və Regionlarda turizmin inkişafı sektorunun aparıcı məsləhətçisi Aysel Əliməmmədova daxildir.
Sərgidə Azərbaycanı 5 yerli turizm şirkəti, "Millennium Tourism and Congress", "Gilan tourism", "The Tour", "Billur tour", "Xəzər travel" və 4 mehmanxana, "Jumeirah Bilgah Beach hotel", "Fairmont hotel Baku", "Chinar Hotel and Spa Naftalan", "Duzdağ hotel" təmsil edəcək.
Sərgidə respublikamızın turizm imkanlarını əks etdirən 42 kv.m sahədə xüsusi lövhə quraşdırılıb. Azərbaycan stendi sərgiyəyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün ingilis və rus dillərində hazırlanmış müxtəlif növ reklam-çap məhsulları ilə zəngin olacaq. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq ikinci dəfədir ki, "KİTF" beynəlxalq turizm sərgisində iştirak edir.
Bu il "KİTF 2014" sərgisində ölkəmizlə yanaşı, 41 ölkədən 260-a yaxın şirkət təmsil olunacaq.