...

“AzMeCo” şirkəti və Rusiyanın “Sberbank”ı arasında əməkdaşlıq haqqında memorandum imzalanmışdır (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 May 2014 16:32 (UTC +04:00)
“Azərbaycan Metanol Şirkəti” MMC (“AzMeCo”) və Rusiyanın “Sberbank”ı XVIII Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində əməkdaşlıq haqqında memorandum imzalamışlar
“AzMeCo” şirkəti və Rusiyanın “Sberbank”ı arasında əməkdaşlıq haqqında memorandum imzalanmışdır (FOTO)

Azərbaycan, Bakı, 23 may /Trend/

"Azərbaycan Metanol Şirkəti" MMC ("AzMeCo") və Rusiyanın "Sberbank"ı XVIII Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində əməkdaşlıq haqqında memorandum imzalamışlar. Bu memorandum tərəflər arasında əməkdaşlığın prioritet istiqamətlərini və qarşılıqlı əlaqələrin qaydasını müəyyən edir.

Rusiyanın "Sberbank"ı tərəfindən bu sənədi İdarə Heyətinin sədr müavini və beynəlxalq blokun kuratoru Sergey Qorkov, "AzMeCo" şirkəti tərəfindən isə Direktorlar Şurasının sədri Nizami Piriyev imzalamışlar.

"AzMeCo" və "Sberbank"ın əməkdaşlığı Rusiyanın "Sberbank"ı tərəfindən ümumi məbləği təqribən 1,5 milyard dollar olan bir sıra layihələrin maliyyələşdirilməsini, o cümlədən Bakının Qaradağ rayonunda metanol zavodunun 450 milyon dollar məbləğində yenidən maliyyələşdirilməsini, Moskvada kommersiya xarakterli ticarət məkanlarının, habelə Rusiyada metanol zavodunun tikintisi layihələrinin uzunmüddətli maliyyələşdirilməsini nəzərdə tutur.

"AzMeCo" neft-qaz və neft-kimya aktivlərini, habelə Azərbaycan, Rusiya, Ukrayna, Niderland, Özbəkistan, Əfqanıstan və Türkiyədə bir sıra pərakəndə satış bizneslərini birləşdirən "PNN" şirkətlər qrupuna daxildir. "AzMeCo" şirkəti Azərbaycanda bütün beynəlxalq standartlara uyğun olaraq sertifikatlaşdırılmış yeganə metanol zavodunun mülkiyyətçisidir. Şirkət zavodun inşasına təqribən 500 milyon dollar sərmayə yatırmışdır. "AzMeCo" şirkətinə təbii qaz Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən təchiz ediir.

Tərəflər arasında müqavilədən əvvəlki münasibətlərin rejimini təsbit edən bu sənəd müddətin sonradan beş il müddətinə uzadılması imkanı ilə imzalanmışdır. Konkret layihələrin ayrı-ayrı müqavilələrlə tənzimlənməsi nəzərdə tutulur. Üstəlik, memorandum "AzMeCo" şirkətinin başqa banklarla əməkdaşlıq etməsinə məhdudiyyət qoymur.

"AzMeCo Group"un rəhbəri cənad Nəsib Piriyev demişdir: "Biz son altı ay ərzində bu sazişin üzərində gərgin işləmişik və mən çox şadam ki, bu gün, nəhayət, biz onu işə sala bildik. Səmərəli fəaliyyətə və bu sazişin gerçəkləşməsinə görə mən "Sberbank"ın və "AzMeCo"nun komandalarına təşəkkür edirəm. "Sberbank" ilk dəfədir ki, Azərbaycanın özəl şirkətini maliyyələşdirəcəkdir və mən fəxr edirəm ki, bu şirkət məhz "AzMeCo" olacaqdır. Biz, həmçinin, ümid edirik ki, bu presedent gələcəkdə də Azərbaycanda özəl biznes ilə beynəlxalq bankların əməkdaşlığını asanlaşdıracaqdır".

Rusiya "Sberbank"ının İdarə heyəti sədrinin müavini Sergey Qorkov demişdir: "Azərbaycan Türkiyə iqtisadiyyatında ən iri xarici sərmayədarlardan biridir. Məhz bu səbəbdən Azərbaycan bazarı "Sberbank" Qrupu üçün maraq doğurur. Bizim üçün "AzMeCo" ilə tərəfdaşlıq Azərbaycanda yerli özəl şirkət ilə ilk əməkdaşlıq nümunəsi və sözügedən regionda müştəri bazamızı əhəmiyyətli dərəcədə genişləndirmək imkanıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti