Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir Emil İsmayılov/
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC beynəlxalq şirkətlərlə QSC-nin növbəti 15-20 il üçün inkişaf strategiyasının hazırlanması ilə bağlı danışıqlar aparır. Trend-in məlumatına görə, bunu çərşənbə günü "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev dənizçilərin peşə bayramına həsr edilmiş tədbirdə deyib.
Onun sözlərinə görə, QSC qarşısında dayanan əsas vəzifə Xəzərdə rəqabət şəraitində yükdaşımalar bazarında öz mövqelərini qorumaqdır.
R.Vəliyev qeyd edib ki, QSC-nin strukturunun yenidən təşkil edilməsi və onun gələcək inkişafı çərçivəsində hazırda qurumun aktivlərinin yenidən qiymətləndirilməsi və onların bazar qiymətlərinin müəyyənləşdirilməsi üzrə işlər aparılır.