...

"AccessBank" enerji səmərəliliyi layihələrini maliyyələşdirmək üçün 15 milyon dollar kredit cəlb edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyul 2014 15:42 (UTC +04:00)
"The Green for Growth Fund" (GGF) "AccessBank"a 15 milyon ABŞ dolları məbləğində kredit ayırıb.
"AccessBank" enerji səmərəliliyi layihələrini maliyyələşdirmək üçün 15 milyon dollar kredit cəlb edib

Azərbaycan, Bakı, 24 iyul /Trend/

"The Green for Growth Fund" (GGF) "AccessBank"a 15 milyon ABŞ dolları məbləğində kredit ayırıb.

Bankdan Trend-ə verilən məlumata görə, cəlb olunan vəsait sayəsində bank enerji səmərəliliyi layihələrinin maliyyələşdirməsini artıracaq və bu sahədə həyata keçirdiyi fəaliyyətini daha da genişləndirəcək.

"AccessBank"ın Kiçik və Orta Biznes Kreditləri və Korporativ Xidmətlər üzrə icraçı direktoru Kənan Ağayev bu razılaşmanı şərh edərək deyib: "Mikro, kiçik və orta ölçülü müəssisələrin istifadə etdiyi avadanlıqların və mexanizmlərin təkmilləşdirilməsinə maliyyə dəstəyi ayırmaq üçün yeni imkanlarımız var".

"AccessBank" Azərbaycan üzrə orta və kiçik biznes nümayəndələrinə xidmət göstərən geniş filial şəbəkəsinə malikdir. Sözügedən investisiya nəticəsində enerjiyə illik qənaətin 43,500 MV səviyyəsinə çatdırılacağı, karbon qazı tullantıları miqdarının isə 21,000 tondan çox azalacağı gözlənilir.

GGF-nin Cənub-Şərqi Avropa bölməsinin sədri Kristofer Noules qeyd edib: "Mikro, kiçik və orta ölçülü biznesin maliyyələşdirilməsi üzrə bazarda lider hesab edilən bankla Azərbaycanda iş birliyi qurmaqdan çox məmnunuq. "AccessBank"ın bu sahəyə yönəlməsinə görə sözügedən investisiya qısa zaman ərzində ölkədə olan enerji istehlakına təsir edəcək".

GGF dövlət və özəl qurumlara məxsus ortaq bir Avropa fondu qismində fəaliyyət göstərir. Fond Cənubi Avropa və Şərqi Avropa Qonşuluğu regionunda enerji səmərəliliyinin təmin olunması və bərpa edilən enerji istifadəsinin stimullaşdırması sahəsində fəaliyyət göstərir. GGF maliyyələşdirmə ilə bərabər enerji səmərəliliyinin ölçülməsi üçün Texniki Yardım Xidməti vasitəsilə dəstək göstərir.

"AccessBank" 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, LFS Financial Systems GmbH adlı Almaniya konsaltinq şirkəti və "AccessHolding" tərəfindən yaradılıb. "AccessBank" mikro, kiçik və orta ölçülü bisneslərin maliyyələşdirilməsi ilə məşğuldur. Azərbaycanda geniş filial şəbəkəsinə malik olan bankda 2000-dən artıq əməkdaş çalışır. "FitchRatings" agentliyi AceessBank-ı Azərbaycan bankları arasında ən yüksək kredit reytingi hesab edilən BB+ dərəcəsi ilə qiymətləndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti