...

Azərbaycanın Birja Elektron Ticarət Sistemində pul bazarı iştirakçılarının sayı artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Sentyabr 2014 19:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 sentyabr /Trend/

Bakı Banklararası Valyuta Birjası (BBVB) və "Alfa Sığorta" sığorta şirkətinin Birja Elektron Ticarət Sisteminin (BEST) "Money-Market" pul bazarında iştirakı haqqında müqavilə bağlayıblar.

Trend-in BBVB-yə istinadən verdiyi məlumata görə, müqaviləni Birjanın müdiri Fərhad Əmirbəyov və "Alfa Sığorta"nın İdarə Heyətinin sədri Camal Əliyev imzalayıblar.

Müqaviləyə əsasən, "Alfa Sığorta" banklarla eynihüquqlu iştirakçı qismində bankların topdansatış pul bazarına çıxmaq imkanı əldə edəcək. BBVB isə öz növbəsində, yeni iştirakçıya BEST ticarət sisteminə daxil olmaq hüququnu, həmçinin hesablaşma və informasiya xidmətlərini təqdim edəcək.

Pul bazarı seqmentində aparılan əməliyyat və hesablaşmalar "BEST-də pul vəsaitlərinin cəlb edilmə və yerləşdirilməsi üzrə əməliyyatların müvəqqəti keçirilmə qaydaları", "BEST" sistemində hərracların təşkili və hesablaşmaların aparılma reqlamenti", "BBVB-nin ticarət sessiyası çərçivəsində Mütəşəkkil pul bazarının kredit bölməsində bağlanmış kredit və depozit əqdləri üzrə hesablaşmaların müvəqqəti aparılma qaydaları", eləcə də "Money-Market" maliyyə alətlərinin spesifikasiyası"na uyğun olaraq həyata keçirilir.

İcbari Sığorta Bürosu, Atəşgah Sığorta, Buta Sığorta, Ata Sığorta, AzRe və AzSığorta şirkətlərindən sonra Alfa Sığorta Birja Elektron Ticarət Sisteminin "Money-Market" pul bazarında iştirak haqqında müqavilə bağlamış yeddinci sığorta şirkəti oldu.

Birja Elektron Ticarət Sistemi (Bourse E-system of Trades) birja xidmətlərinin göstərilməsi üçün universallıq prinsipi üzərində qurulmuş bir sistemdir. Bu sistem bankların qısamüddətli likvidlik və valyuta riskləri ilə kompleks şəkildə idarə etmək üçün müasir platformadır. BEST Azərbaycan banklarına nəinki xarici valyutalarla əməliyyat aparmaq, eyni zamanda, mütəşəkkil banklararası kredit bazarında borcalma və yerləşdirmə əməliyyatlarını yüksək fəallıqla aparmaq imkanını verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti