Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir Təmkin Cəfərov/
Azərbaycan və İran birgə avtomobil istehsal edə bilərlər. Avtomobil istehsalı zavodu Bakıda və ya Təbrizdə ola bilər. Bunu Trend-ə Bakıda səfərdə olan İran parlamentinin Mədənlər və sənaye komissiyasının üzvü Əli Əlilu deyib.
Ə.Əlilu bildirib ki, iki ölkənin avtomobil istehsalçılarının bir-biri ilə əlaqələr qurması üçün lazımi işlər görülməlidir. "Müştərək istehsal olunacaq avtomobilin keyfiyyəti dünya standartlarına cavab verməli, Avropa istehsalı olan avtomobillərlə rəqabət apara biləcək avtomobilər olmalıdır".
Parlamentari əlavə edib ki, daha ucuz və dünya standartlarına cavab verə biləcək avtomobillərin istehsalı üçün hər iki ölkədə potensial var: "Şərqi Azərbaycan əyalətinin Təbriz şəhərində hazırda böyük avtomobil istehsalı zavodu var. Bu zavodda çox keyfiyyətli məhsul istehsalı üçün lazım olan bütün texniki avadanlıqlar var".
O deyib ki, müştərək avtomobil istehsalı üçün hər iki ölkədə mühəndislər, texniki avadanlıqlar və təcrübəli şəxslər var.
Ə.Əlilu qeyd edib ki, İrandan Azərbaycana hazırda müxtəlif markalı avtomobillər ixrac olunur: "Bu sahədə iki ölkə arasında əməkdaşlıq var, lakin qənaətbəxş səviyyədə deyil".
İran KİV-lərinin məlumatına görə, İran ötən il Azərbaycana 1481 minik avtomobili ixrac edib. İxrac olunan avtomobillərin ümumi dəyəri 10 milyon dollar təşkil edib. Məlumata əsasən, 2013-cü ilin noyabr-dekabr ayları ərzində İrandan Azərbaycana 282 ədəd "KIA Pride" markalı avtomobil ixrac olunub. Onların ümumi dəyəri 1 milyon 635 min 600 dollar təşkil edib.
2013-cü il dekabr ayı ərzində İranın SAIPA avtomobil istehsalı şirkətindən Azərbaycana 96 ədəd TİBA markalı avtomobil ixrac olunub. Həmin avtomobillərin ümumi dəyəri 710 min 400 dollar təşkil edib.
Bundan başqa, İrandan Azərbaycana "Samand", "Peykan" və "Tondar" markalı avtomobillər də ixrac olunub. Onların ümumi dəyəri isə 673 min dollar təşkil edib.
İrandan Azərbaycana gətirilən bir "KIA Pride" markalı avtomobilin qiyməti 5800 dollar, TİBA - 7400 dollar, "Samand" - 8000 dollardır.