Azərbaycan, Bakı, 26 noyabr /Trend, müxbir Azad Həsənli/
Azərbaycanda şüşə istehsalı zavodunun tikilməsi planlaşdırılır. Trend-in məlumatına görə, bunu çərşənbə günü iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev "XXI əsrdə sənayeləşmə: Sənaye siyasətində əsas trendlər, müasir yanaşma və təcrübələr" mövzusunda Bakıda keçirilən Beynəlxalq Sənaye Konfransında deyib.
Onun sözlərinə görə, ölkənin sənaye parklarının birində belə zavodun tikilməsi məsələsi müzakirə mərhələsindədir.
Ş.Mustafayev qeyd edib ki, hazırda ölkədə Neft, Qaz emalı və Neft-kimya Kompleksi, Polad İstehsalı Kompleksi, eləcə də karbamid zavodu və polimer istehsalı zavodunun tikintisi aparılır: "Bir neçə il ərzində "Azərbaycan Polad İstehsalı Kompleksi" QSC çərçivəsində beş zavod tikiləcək, ümumi istehsalın həcmi isə ildə milyon ton təşkil edəcək".