...

70-dən çox yeni iş yeri açılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Mart 2015 15:41 (UTC +04:00)
Quba-Xaçmaz iqtisadi rayonunda güzəştli kreditlər hesabına logistik mərkəzlərin yaradılması davam etdirilir.
70-dən çox yeni iş yeri açılacaq

Azərbaycan, Bakı, 12 mart /Trend/

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsini davam etdirir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forum bu gün Quba rayonunun Qəçrəş kəndində keçirilib.
İşgüzar forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumat verilib, Quba və ətraf rayonlarda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi istiqamətində müzakirələr aparılıb, sahibkarların investisiya layihələri güzəştli qaydada maliyyələşdirilib.

80-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Quba rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış "yaşıl market"in, müasir meyvə-tərəvəz emalı zavodunun, kiçik və ya orta həcmli bağçılıq təsərrüfatlarının, kiçik meyvəqurutma və plastik qapı-pəncərə istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, ümumilikdə indiyədək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1833 investisiya layihəsinin maliyyələşdirilməsinə 133,8 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistika mərkəzlərinin, üzümçülük, intensiv bağçılıq, istixana təsərrüfatlarının, meyvə-tərəvəz emalı, quru meyvə, tara, tikinti materialları istehsalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 10 mindən çox yeni iş yerinin açılması imkanı yaradılıb. Qeyd edilib ki, indiyədək Quba-Xaçmaz iqtisadi rayonu üzrə ümumi tutumu 53,2 min ton olan 14 logistik mərkəzin maliyyələşdirilməsinə 31,8 milyon manat güzəştli kredit verilib.

İşgüzar forum çərçivəsində Quba və ətraf rayonlardan olan 50 sahibkara 1,3 milyon manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən heyvandarlıq, bağçılıq, tingçilik və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 70-dən çox yeni iş yerinin açılması mümkün olacaq. Ümumilikdə 2015-ci ilin ötən dövrü ərzində respublika üzrə 995 sahibkara 29,6 milyon manat güzəştli kredit verilib ki, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 2180-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.

Forum çərçivəsində Qusar rayonunun Ləgərqışlaq kəndində yerləşən tutumu 3,6 min ton olan logistika mərkəzinin 7 min tona çatdırılması və Xaçmaz rayonunda ümumilikdə 200 ha ərazidə intensiv alma bağının salınmasına Sahibkarlığa Kömək Milli Fondundan güzəştli kreditin verilməsi ilə bağlı da müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti