Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir Anaxanım Hidayətova/
Azərbaycan və Böyük Britaniya arasında yaradılacaq ticarət-iqtisadi komissiya qarşılıqlı şərtlər əsasında iki ölkə arasında ticarətin genişləndirilməsinə kömək etməyə hesablanıb.
Bunu Trend-ə Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq iki ölkə arasında ticarət-iqtisadi komissiyanın yaradılması məsələsini şərh edərkən deyib.
Onun sözlərinə görə, komissiyanın yaradılması ikitərəfli əmtəə dövriyyəsinin artmasına təkan verəcək, eləcə də Azərbaycan və Britaniya şirkətlərinin iki ölkənin bazarlarına çıxışını şadələşdirəcək: "Hazırda Azərbaycan tərəfi ilə komissiyanın işinin prioritet istiqamətlərini müəyyənləşdiririk, eləcə də onun qarşıdakı işinin təfərrüatlarını dəqiqləşdiririk".
İ.Siddiq qeyd edib ki, Britaniya tərəfi komissiyanın ilk iclasının oktyabrda Londonda keçiriləcəyinə ümid edir: "Hazırda Azərbaycan bazarında 500-dən çox Britaniya şirkəti işləyir. Böyük Britaniya fəxr edir ki, Azərbaycanda ən böyük investordur. Britaniya, həmçinin beynəlxalq arenada Azərbaycan biznesinin genişlənməsini dəstəkləməyə çalışır və Aİ bazarlarına çıxmaq niyyətində olan şirkətlər üçün baza təklif edir".