...

Bakıda 1-ci ISESCO Beynəlxalq İnnovasiya Forumu təşkil edilə bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 May 2015 16:19 (UTC +04:00)
Vergilər naziri, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün Bakıda səfərdə olan İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) baş direktoru Əbdüləziz bin Osman Əl-Tüveycrini qəbul edib.
Bakıda 1-ci ISESCO Beynəlxalq İnnovasiya Forumu təşkil edilə bilər

Azərbaycan, Bakı, 20 may /Trend/

Vergilər naziri, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün Bakıda səfərdə olan İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) baş direktoru Əbdüləziz bin Osman Əl-Tüveycrini qəbul edib.

F.Məmmədov qonağı salamlayaraq Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının (İƏT) müxtəlif təşkilatları, o cümlədən ISESCO ilə sıx əməkdaşlıq etdiyini bildirib. ISESCO ilə münasibətlər isə 2006-cı ildən etibarən inkişaf etməkdədir və ölkəmizin birinci xanımı Mehriban Əliyeva ISESCO-nun xoşməramlı səfiri adına layiq görüldükdən sonra bu münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub. Humanitar sahədəki fəaliyyətinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya "İƏT-in Humanitar məsələlər üzrə xüsusi elçisi" diplomu təqdim edilib. İslam ölkələrinin daxil olduğu təşkilatın bu yüksək adlarına layiq görülən ilk qadın Azərbaycanın birinci xanımıdır.

Əl-Tüveycri səmimi qəbula görə minnətdarlığını ifadə edərək 2006-cı ildən etibarən respublikamızda keçirilmiş bir sıra beynəlxalq tədbirlərdə iştirak etdiyini və ölkəmizlə əməkdaşlığın səviyyəsindən razılığını bildirib, ISESCO-nun bu əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu vurğulayıb.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvü təyin edildiyini qeyd edən ISESCO-nun baş direktoru ötən il ISESCO ilə Azərbaycan arasında 2015-ci ildə Bakı şəhərində ISESCO-nun 12-ci Baş Konfransının və 36-cı İcraiyyə Şurasının sessiyasının keçirilməsinə və Bakı şəhərində təşkilatın regional ofisinin yaradılmasına dair razılıq əldə olunduğunu da diqqətə çatdırıb.

Azərbaycanın birinci xanımı, ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın himayədarlığı ilə 2015-ci ilin may ayında bu təşkilatın baş qərargahında "Azərbaycan günləri"nin təşkili təşəbbüsü təşkilatın rəhbərliyi tərəfindən müsbət qarşılanıb, 2015-ci ildə Bakıda ISESCO-nun xoşməramlı səfirlərinin yığıncağının keçirilməsi də nəzərdə tutulub.

Baş direktor azərbaycanlı həmkarları ilə birgə beynəlxalq təşkilatlar səviyyəsində dünyada ilk dəfə olaraq ISESCO ASANDOC (ASAN DOCUMENT) portalının yaradılmasını və 2015-ci ilin son rübündə Bakı şəhərində 1-ci ISESCO Beynəlxalq İnnovasiya Forumunun təşkil edilməsi məsələsini də nəzərdən keçirdiklərini bildirərək, Azərbaycanda bu texnologiyanın tətbiqi prosesinin fəal iştirakçısı kimi Vergilər Nazirliyinin göstərə biləcəyi dəstəyin bu işə çox dəyərli bir töhfə olacağını vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti