Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir Azad Həsənli/
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi Dünya Bankı (DB) ilə birgə reallaşdırılan "Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi" layihəsi çərçivəsində maraqlar sorğusu üçün müsabiqə elan edir. Trend-in məlumatına əsasən, bu barədə DB-nın saytında yayılan xəbərdə deyilir.
Maraqlar sorğusunun birinci lotu təklif edir: inventarizasiyanın keçirilməsi və toksikologiya laboratoriyalarının hazırkı vəziyyətinin analizi üçün konsaltinq xidmətlərinin göstərilməsi, ISO 17025 standartının tələblərinin ödənilməsi üçün etibarlı toksikoloji sınaqların keçirilməsi ilə bağlı lazımi istehsal obyektlərinin öyrənilməsi, laboratoriyaların modernləşdirilməsi üçün məsləhətlər paketinin hazırlanması.
İkinci lot çərçivəsində məsləhətçi becərilən bitkilərdə ziyanvericilərin öyrənilməsi üzrə laboratoriyaların hazırki vəziyyətinin analizi və inventarizasiyası, ISO 17025 standartına uyğun olaraq EPPO və ya IPPC tərəfindən işlənib hazırlanmış diaqnostika protokolları üçün gərəkli olan istehsalat obyektlərinin öyrənilməsi, həmçinin laboratoriyaların modernləşdirilməsi üçün məsləhətlər paketinin yaradılmasını həyata keçirməlidir.
Müsabiqədə iştirak etmək üçün ərizələr 2015-ci il avqustun 5-dək qəbul edilir.