...

Azərbaycanla İran arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Dekabr 2015 20:18 (UTC +04:00)
İqtisadiyyat və sənaye naziri, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İrana səfəri çərçivəsində bir sıra görüşlər keçirib.
Azərbaycanla İran arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib (FOTO)

Bakı. Trend:

İqtisadiyyat və sənaye naziri, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İrana səfəri çərçivəsində bir sıra görüşlər keçirib.

İqtisadiyyat və Sənaye Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, İranın rabitə və informasiya texnologiyaları naziri, Dövlət Komissiyasının həmsədri Mahmud Vaezi ilə keçirilmiş görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafından məmnunluq ifadə olunmuş, yeni inkişaf mərhələsinə qədəm qoymuş əlaqələrin genişlənməsi üçün qısa müddət ərzində bir sıra işlərin görüldüyü diqqətə çatdırılıb.

Nazir qeyd edib ki, Şimal-Cənub nəqliyyat dəhlizinin təkmilləşdirilməsi Azərbaycan və İran arasında iqtisadi, ticarət və turizm sahəsində əlaqələrinin genişlənməsinə müsbət təsir göstərəcək, ölkələrimiz arasında yükdaşımalar dəfələrlə artacaq. Mahmud Vaezi İran və Azərbaycan arasında iqtisadi, ticarət, elmi və mədəni sahələrdə əməkdaşlığın əhəmiyyətli dərəcədə inkişaf etdiyini qeyd edib, Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı görülən işlərin əlaqələrimizin daha da inkişafında əhəmiyyətini vurğulayıb.

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin İranın iqtisadi məsələlər və maliyyə naziri Əli Teyyibniya ilə görüşündə iqtisadi-ticarət, maliyyə, bankçılıq, sığorta, investisiya qoyuluşu sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib. Nazir Ş.Mustafayev qeyd edib ki, son dövrdə ölkələrimiz arasında 50-ə yaxın qarşılıqlı səfərin həyata keçirilməsi, biznes forumların təşkili əlaqələrimizin yüksələn xətlə inkişaf etməsinin göstəricisidir.

Vurğulanıb ki, Dövlət Komissiyasının 10-cu iclası çərçivəsində Azərbaycan və İranın mərkəzi bankları arasında əlaqələrin genişləndirilməsinə dair müzakirələr də aparılıb. Nazir Əli Teyyibniya Azərbaycan-İran əlaqələrinin inkişafı istiqamətində son zamanlar görülən işlərin müsbət nəticə verəcəyinə əminliyini vurğulayıb, ticarət əlaqələrinin inkişafı baxımından nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsinin, Azərbaycan və İran arasında gömrük-keçid məntəqələrində 24 saatlıq iş rejiminin tətbiqinin vacibliyini qeyd edib.

İranın nəqliyyat və şəhərsalma naziri Abbas Əhməd Axondi ilə keçirilmiş görüşdə nazir Şahin Mustafayev ölkəmizdə beynəlxalq səviyyəli nəqliyyat infrastrukturunun yaradılması sahəsində əldə edilmiş uğurlar, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Şimal-Cənub nəqliyyat dəhlizinin imkanları barədə məlumat verib. Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 2015-ci il tarixli "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında" Sərəncamı Azərbaycan dəmir yollarının İran dəmir yolları şəbəkəsi ilə əlaqələndirilməsi və bu sahədə görülən işlərin sürətləndirilməsi baxımından əhəmiyyətlidir.

Azərbaycan nümayəndə heyəti səfər zamanı İranın birinci vitse-prezidenti İshaq Cahangiri tərəfindən qəbul edilib. Görüşdə İshaq Cahangiri İranın Azərbaycanla müxtəlif sahələrdə əlaqələrin inkişafında maraqlı olduğunu qeyd edib, ölkəsinin Azərbaycanla regional və beynəlxalq səviyyədə terrorizmlə mübarizədə əməkdaşlıq etməyə hazır olduğunu vurğulayıb.

Nazir Ş.Mustafayev dövlət başçılarının qarşılıqlı səfərlərinin ölkələrimiz arasında əlaqələrin inkişafında əhəmiyyətini qeyd edib, Azərbaycanın İranla əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu, qarşılıqlı investisiya qoyuluşu və iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın inkişafı üçün potensialı diqqətə çatdırıb.

Mətbuat Xidməti

Məqalədə:
Xəbər lenti

Xəbər lenti