Bakı. Trend:
Azərbaycan ilk dəfə olaraq bu il əmlak hüquqlarının qorunması indeksinə görə "Mülkiyyət hüquqları Alyansı"nın illik beynəlxalq reytinq cədvəlində yer alıb.
Əmlak Məsələləri Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, 129 ölkəni əhatə edən reytinq cədvəlində Azərbaycan "daşınmaz əmlakın qeydiyyatı" kateqoriyasında mümkün 10 baldan demək olar ki, maksimum balı (9,7 bal) toplayaraq dünya üzrə 20-ci yerdə qərarlaşıb. Bu göstəriciyə görə ölkəmiz reytinq cədvəlində ən yaxşı 20-lik sırasına daxil edilib.
Xatırladaq ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən daşınmaz əmlakın qeydiyyatı sahəsində həyata keçirilən fəaliyyət və tətbiq edilən yeniliklər beynəlxalq aləmdə yüksək qiymətləndirilir.
Belə ki, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının tərtib etdiyi ənənəvi illik "Doing Business" hesabatlarında Azərbaycan daşınmaz əmlakın qeydiyyatına görə ilk sıralarda yer alır.
Azərbaycanın əldə etdiyi yüksək beynəlxalq göstəricilər son illər komitə tərəfindən ölkədə əmlakın qeydiyyatının sadələşdirilməsi, qeydiyyat müddətlərinin qısaldılması və qeydiyyat sisteminin müasir standartlara çatdırılması sahəsində aparılan işlərin nəticəsidir.
Bu sahədə elektron, onlayn və SMS xidmətlərin, "bir pəncərə" prinsipinin, "Kütləvi çıxarış" kampaniyası və mobil ofis xidmətlərinin tətbiqi əmlakın qeydiyyatını sadələşdirib, şəffaflıq, rahatlıq və operativliyi daha da artırıb.