Bakı. Trend:
"Bank of Azerbaijan" ASC-nin əmanətçilərinə Əmanətlərin Sığortalanması Fondu (ADİF) tərəfindən seçilmiş agent banklar - "Muğanbank" ASC və "Rabitəbank" ASC vasitəsi ilə kompensasiya ödənişi uğurla həyata keçirilir.
Trend-ə ADİF-dən verilən məlumata əsasən, sığorta hadisəsi baş vermiş "Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 29 yanvar 2016-cı il tarixindən etibarən agent bankların filiallarında başlanılmış və həmin gündən etibarən qorunan əmanətçilərə kompensasiya ödənişi həyata keçirilir.
Seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan 110-dan çox əmanətçiyə 2.6 milyondan artıq kompensasiya ödənilmişdir.
Nəzərinizə çatdırmaq istərdik ki, Fond əmanətçilərin ərizələrini sığorta hadisəsi baş verdiyi gündən başlayaraq bir il ərzində qəbul edir.
Sığorta hadisəsinə görə Fond tərəfindən hər bir qorunan əmanətçiyə 100 faiz həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir.
Sığorta hadisəsi baş vermiş "Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün Agent bank olaraq "Muğanbank" ASC və "Rabitə Bank" ASC seçilmişdir.