Bakı. Samir Əli - Trend:
Azərbaycanda əlavə dəyər vergisinin 18 faiz səviyyəsində müəyyən edilmiş dərəcəsinin differensiallaşdırılması təklif edilir.
Trend-in məlumatına görə, bu barədə Hesablama Palatası tərəfindən 2016-cı ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim edilmiş təkliflərdə qeyd edilib.
Təklifdə qeyd edilib ki, 2015-ci ildən etibarən dünya bazarlarında enerji daşıyıcılarının qiymətlərində müşahidə olunan kəskin azalmalar, sözsüz ki, dünya iqtisadiyyatına inteqrasiya olunmuş milli iqtisadiyyatımıza da təsir etməklə artım templərinin səngiməsini şərtləndirib.
İlk baxışdan mənfi cəhətdən səciyyələndirilən bu proses qeyri-neft sektorunun inkişafı ilə növbəti iqtisadi modelə keçidin sürətləndirilməsi üçün təkanverici amil kimi qiymətləndirilə bilər.
Vergi dərəcələrinin optimallaşdırılması isə real sektorda daxili istehsalın idxalla müqayisədə üstünlüklərinin, istehlakın daxili istehsal hesabına təmin olunmasının, xammal və yarımfabrikatların ixracı ilə müqayisədə əlavə dəyəri yüksək olan hazır məhsulun ixracına önəm verilməsinin stimullaşdırılmasını nəzərdə tutmalıdır.
Həmin stimullaşdırma tədbirləri çərçivəsində atılacaq əsas addımlardan biri məhz istehlak qiymətlərinin tərkibində yer alan əlavə dəyər vergisinin dərəcəsinin differensiallaşdırılmasından ibarətdir.
Qeyd olunanları nəzərə alaraq, qeyri-neft (qeyri-xammal) sektorunun daha da şaxələndirilməsi və daxili istehsal hesabına inkişafının sürətləndirilməsi, idxaldan asılılığın minimum səviyyəyə endirilməsi, istehlakın daima stimullaşdırılması, əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin daha da gücləndirilməsi kimi hədəflərə nail olunması istiqamətində görülən tədbirlərə əlavə dəstək kimi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 173.1-ci maddəsi ilə əlavə dəyər vergisinin 18 faiz səviyyəsində müəyyən edilmiş dərəcəsinin differensiallaşdırılmasının da həyata keçirilməsi məqsədəmüvafiq hesab olunur.