...

Azərbaycanda elektron "Tax Free"nin tətbiqi ilə bağlı təqdimat keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Oktyabr 2016 11:43 (UTC +04:00)

Bakı. Azad Həsənli - Trend:

Bu gün Vergilər Nazirliyi və digər dövlət qurumlarının birgə iştirakı ilə "Azərbaycanda elektron Tax Free sistemi"nin tətbiqi ilə bağlı təqdimat mərasimi keçirilib.

Trend-in məlumatına görə, tədbir iştirakçılarını salamlayan vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri İlkin Vəliyev son illər vergi sistemində aparılan islahatlar barədə danışıb, ölkə Prezidentinin "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətlərinin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında" 4 avqust tarixli sərəncamı və bu sərəncam çərçivəsində görülən işlər barədə ətraflı məlumat verib.

Vergi sistemində son illərdə elektron sahədə aparılan islahatlarla bağlı filmin nümayişindən sonra Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin rəisi Samirə Musayeva təqdimatla çıxış edərək, ölkəmizdə "Tax Free" sisteminin tətbiqi, onun faydaları, bununla bağlı inzibatçılıq məsələləri və s. barədə ətraflı məlumat verib. Qeyd olunub ki, ölkə başçısı İlham Əliyevin müvafiq fərmanı ilə "Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası" təsdiq edilib, eyni zamanda dövlət başçısının "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətlərinin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında" 4 avqust tarixlı sərəncamı ilə ölkəmizi turistlər üçün cəlbedici məkana çevirmək və bütövlükdə turizm sektorunu inkişaf etdirmək məqsədilə Azərbaycan ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə deyər vergisinin qaytarılması Vergilər Nazirliyinə həvalə edilib.

"Tax Free" sistemi ölkədə turizm sektorunda son illər ərzində görülən işlərin davamlılığının təmin edilməsi və ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin möhkəmləndirilməsi məqsədi daşıyır. Bu sistem ilkin olaraq beynəlxalq hava limanlarında tətbiq edilməyə başlanılıb və gələcəkdə respublikanın digər sərhəd-buraxılış məntəqələrində tətbiq olunması nəzərdə tutulur. Proqram təminatı və vahid elektron məlumat bazası yaradıldıqdan, onun vergi və digər aidiyyəti dövlət orqanlarının, habelə müvəkkil bankın istifadəsində olan elektron informasiya sistemlərinə inteqrasiyası təmin edildikdən sonra bu sistem tədricən bütün sərhəd-buraxılış məntəqələrində tetbiq olunacaq.

Dünyada ƏDV tətbiq edən 130 ölkənin "Tax Free" sisteminə qoşulduğunu deyən S.Musayeva bildirib ki, bu sistemin tətbiqi xarici turistlərin ölkəyə cəlb edilməsinə və onların ölkə ərazisində daha çox mal almaqla, pərakəndə ticarətdə satış dövriyyəsinin artırılmasına, ixrac yönümlü istehsalın stimullaşdırılmasına, xarici valyutanın ölkəyə axınının artmasına gətirib çıxarmalıdır.

"Tax Free" sisteminin tətbiqi şərtlərinə toxunan S.Musayeva qeyd edib ki, turistin mal alan zaman şəxsiyyətini təsdiq edən sənədi üzərində olmalıdır, alınan mal şəxsi istehlak məqsədi daşımalıdır, bir alışda əldə edilmiş malın ƏDV daxil olmaqla dəyəri 300 manatdan az olmamalıdır, turistə təqdim edilmiş elektron vergi hesab fakturası (e-vhf) və malın alışını tesdiq edən sənədləri özündə saxlamalıdir.

Sonra tədbir iştirakçılarına Tax Free" sisteminin tətbiqində gömrük orqanlarının apardığı nəzarət prosesi barədə məlumat verilib. Bildirilib ki, alıcı tərəfindən pasport təqdim edildikdən sonra satıcı e-VHF-ni Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalında elektron vergi hesab-faktura sistemi vasitəsilə tərtib edərək, həmin məlumatları real vaxt rejimində vahid məlumat bazasına ötürür. E-VHF, ştrix-kod əks olunmaqla, iki nüsxədə çap olunur və hər iki nüsxə alıcıya təqdim edilir. E-VHF satıcının imzası və mərkəzində bu əməliyyatların ƏDV-nin qaytarılması şərtilə həyata keçirildiyinə dair təsdiqedici qeyd olan möhürlə təsdiqlənməklə təqdim olunmalıdır. Alıcı aldığı malları Azərbaycan ərazisindən apardıqda həmin mallar üzrə ödənilmiş ƏDV-nin qaytarılması məqsədilə gömrük sərhəd-buraxılış məntəqəsində aldığı mallara dair e-VHF-ni pasportla birlikdə gömrük orqanı əməkdaşına təqdim edir.

E-VHF-nin məlumatları gömrük orqanı tərəfindən vahid məlumat bazasında yoxlanılır və sonra avtomatik risk qiymətləndirməsi aparılır. Alıcının və ona məxsus malların gömrük nəzarətindən keçməsi tələb edildiyi halda, alıcı həmin malları gömrük baxışının keçirilməsi məqsədilə gömrük orqanı əməkdaşlarına təqdim etməlidir. Gömrük orqanı əməkdaşları təqdim olunmuş mallarla vahid məlumat bazasına daxil edilmiş məlumatların uyğunluğunu yoxladıqdan sonra qaytarılacaq ƏDV məbləği barədə alıcının təqdim etdiyi e-VHF-də təsdiq qeydi aparır, onu möhürlə təsdiqləyərək alıcıya təqdim edəcək və vahid məlumat bazasında e-VHF-ni təsdiqləməklə məlumatı real vaxt rejimində müvəkkil banka ötürür. Risk qiymətləndirməsinin nəticələri əsasında alıcıdan malları gömrük baxışı üçün təqdim etmək tələb olunmadıqda, qaytarılacaq ƏDV-nin yekun məbləğini əks etdirən e-VHF gömrük orqanı tərətindən möhürlə təsdiqlənərək məlumatlar real vaxt rejimində müvəkkil banka ötürülür. E-VHF-nin bir nüsxəsi gömrük orqanında saxlanılır, digər nüsxəsi isə alıcıya qaytarılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti