Bakı. Fərhad Daneşvər - Trend:
Novruz bayramından sonra Azərbaycan və İran arasında aviareyslərin sayının artacağı gözlənilir.
Trend-in məlumatına görə, bunu jurnalistlərə İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə bildirib.
C.Cahangirzadə qeyd edib ki, İranın "Mahan Air" aviaşirkətinin bu gün Tehran-Bakı marşrutu üzrə ilk reysini həyata keçirməsi ilə iki ölkə arasında həftə ərzində icra edilən areyslərin sayı 14 çatıb. Aviaşirkətin ilk reysi ilə Azərbaycana 35 nəfər gəlib.
Səfir bildirib ki, ötən il Novruz bayramında İrandan Azərbaycana gələn turistlərin sayında 30 dəfə artım qeydə alınmışdı:
"Bu il Novruz bayramından sonra turistlərin sayının daha da artacağını gözləyirik. "Mahan Air" şirkəti də bu işə öz töhfəsini verəcək. Bununla, azərbaycanlı turistlərin İrana çıxışı da asanlaşacaq".
Diplomat əlavə edib ki, Azərbaycan və İran arasında turizmin inkişafı investorların da bu sahəyə cəlb edilməsinə imkan verəcək.