...

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin xarici banklardan alınmış kreditləri, ödənilməmiş kredit öhdəlikləri yoxdur

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Aprel 2017 23:26 (UTC +04:00)
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin xarici banklardan alınmış kreditləri, müddəti keçmiş və ya ödənilməmiş kredit öhdəlikləri yoxdur.
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin xarici banklardan alınmış kreditləri, ödənilməmiş kredit öhdəlikləri yoxdur

Bakı. Trend:

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin xarici banklardan alınmış kreditləri, müddəti keçmiş və ya ödənilməmiş kredit öhdəlikləri yoxdur.

Trend-in məlumatına görə, bunu “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı deyib.

R.Vəliyev qeyd edib: "Cənab Prezident, Sizin ölkəmizin nəqliyyat sektoruna, Azərbaycanda gəmiçiliyin inkişafına göstərdiyiniz xüsusi diqqət və qayğını biz dənizçilər daim hiss edirik. Sizin 2013-cü il 22 oktyabr tarixli Sərəncamınıza əsasən yenidən təşkil edilmiş və balansında 300-ə yaxın müxtəlif təyinatlı gəmi olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti donanmasının tərkibinə və göstərdiyi xidmətlərin müxtəlifliyinə görə dünyanda ən nadir gəmiçiliklərdən biri sayılır.

Yeni iqtisadi konyunkturada müasir çağırışlara cavab vermək imkanına malik olan və səmərəli fəaliyyət göstərən yüksək rentabelli kommersiya qurumunun yaradılması barədə Sizin tapşırıqlarınızı rəhbər tutaraq, Gəmiçiliyin inkişaf hədəfləri müəyyənləşdirilib, bu hədəflərə çatmaq üçün Strateji İnkişaf Proqramı hazırlanıb və fəaliyyətimiz bu Proqrama, eyni zamanda, Sizin 2016-cı il 7 noyabr tarixli Sərəncamınızla təsdiq edilmiş “2016-2020-ci illərdə Azərbaycan Respublikasında gəmiçiliyin inkişafına dair Dövlət Proqramı”na uyğun surətdə təşkil olunub".

O əlavə edib ki, Gəmiçiliyin beynəlxalq standartlara uyğun hazırlanmış maliyyə hesabatları və “Davamlı İnkişaf Haqqında Hesabat”ı beynəlxalq audit şirkəti Ernst&Young tərəfindən hər il audit olunur, şəffaflıq və açıqlıq prinsiplərinə uyğun surətdə Gəmiçiliyin rəsmi internet səhifəsində yerləşdirilir və aidiyyəti maraqlı tərəflərə təqdim edilir: "2016-cı ildə tanınmış “Fitch Ratings” şirkəti tərəfindən Gəmiçiliyin biznes modeli təhlil edilib, onun dayanıqlı olduğu müəyyənləşdirilərək, tarixində ilk dəfə Gəmiçiliyə kredit reytinqi verilib. Səhmdar cəmiyyət yaradıldığı ilk gündən tətbiq edilən korporativ idarəetmə sisteminin davamlı təkmilləşdirilməsi məqsədilə “Ernst&Young” şirkətinin bu sahədə ixtisaslaşmış mütəxəssisləri tərəfindən təhlil aparılıb, nəticədə “Yol Xəritəsi” hazırlanıb və 2016-cı ildə bu “Yol Xəritəsi” üzrə layihələrin böyük qismi artıq tamamlanıb. O cümlədən, fəaliyyətin nəticələrinə əsaslanan ödəniş sistemi hazırlanıb və 2017-ci il yanvarın 1-dən Gəmiçilikdə tətbiq edilib. Bundan əlavə, 2015-ci ildə Amerika Gəmiçilik Bürosu tərəfindən Xəzər Dəniz Gəmiçiliyində tətbiq edilən Gəmiçiliyin Təhlükəsiz İdarəetmə Sistemi audit olunub və Gəmiçiliyə 5 illik uyğunluq sertifikatı təqdim edilib.

Möhtərəm cənab Prezident, Sizin gəmiçilik sahəsinə xüsusi qayğı və diqqətinizin nəticəsidir ki, son üç il ərzində Gəmiçiliyin donanmasına 15 gəmi alınaraq istismara verilib. Bu işlərə Gəmiçiliyin daxili imkanları hesabına 139 milyon ABŞ dolları investisiya yatırılıb. Gəmiçiliyin fəaliyyət sahələrinin şaxələndirilməsi və bir bazardan asılılığının azaldılması ilə əlaqədar verdiyiniz tapşırıqlara uyğun olaraq, 2014-cü ildə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Xəzərdən kənar beynəlxalq sularda fəaliyyətini bərpa edib".

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri bildirib ki, hazırda Xəzərdən kənarda Azərbaycan bayrağı altında 10 gəmi fəaliyyət göstərir: "Onu da deyim ki, 2016-cı ildə Gəmiçiliyin quru yük daşımalarının 34 faizini Xəzərdə, 66 faizini isə Xəzərdən kənar beynəlxalq sularda daşımalar təşkil edib. Bu da xaricdən ölkəyə əlavə valyutanın gətirilməsinə imkan verir.

Cənab Prezident, son illər ölkəmizdə həyata keçirilən irimiqyaslı infrastruktur layihələri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə əlaqədar Xəzər dənizi üzərindən artması gözlənilən yükdaşıma həcmlərinin qarşılanması üçün donanmamızın davamlı olaraq yenilənməsi çox vacibdir. Bu baxımdan, 2010-cu ildə təməlqoyma mərasimində, 2013-cü ildə açılışında şəxsən iştirak etdiyiniz Bakı gəmiqayırma zavodu böyük əhəmiyyət kəsb edir. Bu zavod tərəfindən Gəmiçilik üçün indiyədək dörd gəmi tikilərək istifadəyə verilib. Bu yaxınlarda daha dörd gəminin-vaqon-TIR və sərnişin daşınması üçün nəzərdə tutulan yeni nəsil iki unikal Ro-Pax/Bərə və iki tankerin tikintisi üzrə yeni sifariş verilib. Bundan əlavə, Sizin tapşırığınıza uyğun olaraq, Qazaxıstanın və digər Xəzəryanı ölkələrin aidiyyəti qurumları tərəfindən Bakı gəmiqayırma zavodunda gəmi tikintisi sifarişlərinin yerləşdirilməsi, eyni zamanda, Xəzər Dəniz Gəmiçiliyi ilə birgə sifarişlərin yerləşdirilməsi istiqamətində iş aparılır. Hazırda Bakı gəmiqayırma zavodunda təkcə Xəzərdə deyil, dünya miqyasında təyinatına görə nadir gəmi sayılan və Sizin tərəfinizdən “Xankəndi” adı verilən gəmi inşa edilir. Cari ilin ortalarında istifadəyə verilməsi planlaşdırılan bu çoxtəyinatlı sualtı tikinti gəmisi Xəzərdə müxtəlif mürəkkəb layihələrin, o cümlədən “Şahdəniz” layihəsinin yerinə yetirilməsində mühüm rol oynayacaq".

R.Vəliyev deyib ki, Gəmiçiliyin əsas fəaliyyəti liman infrastrukturu ilə sıx əlaqəli olduğundan, Xəzərdə ən böyük və müasir Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikilməsi və orada azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması Azərbaycanın regionda nəqliyyat-logistika qovşağına çevrilməsi üçün mühüm əhəmiyyət kəsb edir:

"2015-ci ilin sonunda yaranmış vəziyyətlə əlaqədar, Sizin tapşırığınıza uyğun olaraq, Tranzit Yükdaşımaları üzrə Koordinasiya Şurası və aidiyyəti qurumlar, eləcə də Gəmiçilik tərəfindən Türkiyəyə məxsus TIR-ların Xəzər üzərindən daşınması üçün əlverişli şərait yaradılıb. Hazırda, alternativ Şimal marşrutunda qoyulan məhdudiyyətlərin getdikcə aradan qalxmasına baxmayaraq, onlar yenə də Xəzər üzərindən olan marşrutdan istifadə etməyə davam edirlər. Bu, Azərbaycan üzərindən keçən marşrutun tranzit cəlbediciliyinə, onun etibarlı, risksiz və stabil marşrut olmasına bariz nümunədir.

Dünyada davam edən iqtisadi böhran, o cümlədən ümumi ticarət dövriyyəsinin kəskin azalması ilə əlaqədar gəmiçilik sahəsində yaranan ciddi problemlərə baxmayaraq, Sizin rəhbərliyinizlə ölkəmizdə həyata keçirilmiş qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycan üzərindən tranzit yükdaşımalarda, eləcə də Gəmiçiliyin fəaliyyətində müsbət nəticələr əldə olunub. Belə ki, son üç il ərzində Gəmiçiliyin gəlirləri, xalis mənfəəti, dövlət büdcəsinə müxtəlif formada ödənişlər davamlı olaraq ilbəil artım dinamikası ilə inkişaf edir. Gəmiçiliyin 2016-cı il üçün mənfəəti 2015-ci il ilə müqayisədə iki dəfə artıb. Təkcə 2016-cı il ərzində Gəmiçiliyin dövlət büdcəsi və Dövlət Sosial Müdafiə Fonduna ödənişləri, ümumilikdə, 100 milyon manata yaxın məbləğ təşkil edib".

O qeyd edib ki, hazırda Gəmiçiliyin dövlət zəmanəti ilə xarici banklardan alınmış kreditləri, müddəti keçmiş və ya ödənilməmiş kredit öhdəlikləri yoxdur. Növbəti 5 il ərzində mövcud kreditlər və onların faizləri üzrə öhdəliklər Gəmiçiliyin illik gəlirinin yalnız 1,5 faizini təşkil edir:

"Yükdaşıma göstəricilərinə gəldikdə, Gəmiçiliyin ayrı-ayrı yükdaşıma növlərində artım müşahidə olunur. 2015-ci illə müqayisədə 2016-cı ildə Gəmiçilik tərəfindən daşınan vaqonların miqdarında 18 faiz, avtotexnikanın sayında ümumilikdə 2,8 dəfə, o cümlədən Qazaxıstan istiqamətində isə 8 dəfəyə yaxın artım qeydə alınıb. 2017-ci ilin birinci rübündə də eyni artım tendensiyası müşahidə edilib. Belə ki, ötən ilin analoji dövrü ilə müqayisədə tankerlərlə 70 faizdən, quru yük gəmiləri ilə isə 8 faizdən çox yük daşınıb. Eyni zamanda daşınan vaqonların miqdarında 35 faiz, avtotexnikanın sayında isə 44 faiz artım olub".

R.Vəliyev bildirib ki, Gəmiçiliyin dövlət büdcəsindən ayrılan vəsait hesabına tikilmiş və 2010-cu ildə istifadəyə verilmiş “Zığ quru yük limanı”ndan 2016-cı ildə 100 min tona yaxın quru yük, o cümlədən 3 min ədəd TIR, 2017-ci ilin birinci rübündə isə 49 min ton quru yük, o cümlədən 1600 ədəd TIR daşınıb:

"Hazırda qlobal səviyyədə, o cümlədən Xəzərdə tranzit yüklər üstündə kəskin mübarizə gedən bir dövrdə Gəmiçilik öz fəaliyyətini Sizin tapşırıqlarınıza uyğun olaraq, ölkəmizin yükdaşımalarda iştirak edən bütün aidiyyəti qurumları ilə birgə Azərbaycanın regionda müasir nəqliyyat-logistika qovşağına çevrilməsi istiqamətində aparılan dövlət siyasətinə uyğun qurur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti