Bakı. Mətanət Nəsibova - Trend:
Belarus iqtisadiyyatın müxtəlif sektorlarında və sosial sahədə dayanıqlı inkişafa nail olmaq üçün məqsədyönlü şəkildə işləyir.
Trend-in məlumatına görə, bunu Belarus parlamentinin sədr müavini Marianna Şyotkina VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən Dayanıqlı İnkişafa dair Bakı Forumunun "Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində gənclər, qadınlar, parlament, vətəndaş cəmiyyəti və digər maraqlı tərəflərin rolu barədə interaktiv müzakirə" adlı sessiyasında deyib.
Onun sözlərinə görə, dövlət tərəfindən qəbul edilən proqram sənədləri var və hazırda ölkədə dayanıqlı inkişaf üzrə strategiya hazırlanıb.
Vitse-spiker əlavə edib ki, bu, yeni iş yerlərinin yaradılmasını, əhalinin məşğulluq səviyyəsinin artırılmasını nəzərdə tutur.
M.Şyotkina əlavə edib ki, Belarusda gender bərabərliyinin təmin olunması məsələsini dövlətin milli strategiya hədəflərinə nail olmasını sürətləndirən amil kimi nəzərdən keçirmək olar.
Qeyd edək ki, oktyabrın 25-də Bakıda VI Beynəlxalq Humanitar Forum işə başlayıb. “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda keçirilən budəfəki Foruma 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə qatılıb.