...

"Alstom" şirkəti işğaldan azad edilmiş ərazilərdə Azərbaycanla əməkdaşlıqda maraqlıdır

Biznes və iqtisadiyyat xəbərləri Interview 11 Mart 2022 08:18 (UTC +04:00)
"Alstom" şirkəti işğaldan azad edilmiş ərazilərdə Azərbaycanla əməkdaşlıqda maraqlıdır

Bakı. Sədrəddin Ağcayev - Trend:

Fransanın “Alstom” şirkəti “Azərbaycan Dəmir Yolları” QSC (ADY) ilə əməkdaşlığı genişləndirməkdə, eləcə də Azərbaycanın işğaldan azad edilmiş ərazilərində layihələrin həyata keçirilməsində maraqlıdır.

Bunu Trend-ə müsahibəsində "Alstom"un Qərbi və Mərkəzi Asiya üzrə idarəedici direktoru Kanat Alpısbayev deyib.

Onun sözlərinə görə, “Alstom” həm işğaldan azad edilmiş ərazilərdə, həm də digər regionlarda Azərbaycan dəmir yollarını bütün lazımi avadanlıqlarla təmin etməyə hazırdır.

Alpısbayev qeyd edib ki, Azərbaycan "Alstom" üçün strateji əhəmiyyətli bazardır.

"Alstom"-un Azərbaycan Dəmir Yolları ilə tərəfdaşlığının inkişaf səviyyəsi əməkdaşlığın dinamik inkişafına ümid yaradır. Şirkətimiz istehsalçı və texnologiya sahibi kimi Azərbaycanın dəmir yolu marşrutlarını həm işğaldan azad edilmiş ərazilərdə, həm də digər bölgələrdə bütün lazımi avadanlıqlarla təmin etməyə hazırdır. Biz həm yeni layihələr, həm də mövcud layihələr sahəsində işləməyə hazırıq. Bundan əlavə, biz Azərbaycana yüngül relsli nəqliyyatla yanaşı, şəhərdaxili infrastrukturun inkişafı üzrə xidmətlər, əhalinin hərəkətliliyini təmin edəcək müasir, yüksək texnologiyalı və səssiz nəqliyyat vasitələri təklif edə bilərik. Bu təşəbbüslərin həyata keçirilməsi həm şəhər infrastrukturunun inkişafında, həm də şəhərlərlə yaxın ərazilər arasında nəqliyyat əlaqələrinin yaradılmasında yaxşı nailiyyət olardı", - deyə o bildirib.

Alpısbayevin sözlərinə görə, "Alstom" Azərbaycanla Qarabağda dəmir yolu nəqliyyatında siqnalizasiya və rabitənin avtomatlaşdırılması layihələrində işləməyə hazırdır.

"Biz Azərbaycanın inkişafını yaxından izləyirik və nəqliyyat infrastrukturunun inkişafı və Qarabağın bərpası istiqamətində addımlar çərçivəsində layihələrin həyata keçirilməsinə, ilk növbədə urbanizasiya, yaşayış məntəqələri arasında nəqliyyat əlaqələrinin yaradılması və onların inkişafı sahələrində kömək etməyə hazırıq. Şirkətimiz Azərbaycanın yeni dəmir yollarını lazımi avadanlıqla təmin edə biləcək bütün lazımi avadanlıq və texnologiyalara malikdir. Biz işğaldan azad edilmiş Azərbaycan ərazilərində yüngül relsli nəqliyyat və ya şəhərətrafı dəmir yolu əlaqəsi sahəsində layihələr həyata keçirməyə hazırıq. "Alstom", birgə səylər nəticəsində bu bölgənin lazımi ehtiyaclarını ödəyə biləcək bütün lazımi texnologiya və məhsullara malikdir", - K. Alpısbayev vurğulayıb.

O, əlavə edib ki, "Alstom"-un MDB regionunda strategiyası Azərbaycanın dəmir yolları ilə əməkdaşlığın daha da genişləndirilməsinə yönəlib.

"MDB ölkələri, o cümlədən Azərbaycanı maraqlandıran əməkdaşlığımızın inkişafı üçün prioritet istiqamətlərdən biri də “Alstom”un komponentlərinin istehsalının lokallaşdırılması və lokomotivlərin təmiridir. Bu təşəbbüslərin həyata keçirilməsi MDB ölkələrinin müasir sənaye sahələrinin yaradılması və sənaye inkişafının təmin edilməsi, onlarda iş yerlərinin yaradılmasında əməkdaşlığın daha da inkişafı üçün yaxşı addım olardı. Azərbaycandakı yeni depolar əsasında biz birgə müasir istehsal və avadanlıqların təmirini təşkil edə bilərdik", - Kanat Alpısbayev bildirib.

Onun sözlərinə görə, Alstom və ADY Azərbaycan üçün əlavə lokomotiv partiyasının alınması ilə bağlı danışıqlar aparmır. O qeyd edib ki, QSC üçün 40 yük lokomotivinin tədarükü onun tələbatını tam ödəyir və ADY-nin inşa etdiyi müasir depolarda “Alstom” lokomotivlərinə bütün növ texniki xidmət göstərmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti