...

AZPROMO XİN əməkdaşları üçün treninq keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Avqust 2006 15:29 (UTC +04:00)

AB TACIS Proqramının yardımı ilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) avqustun 2-də Park Inn otelində Xarici İşlər Nazirliyinin (XİN) əməkdaşları üçün "Birbaşa Xarici İnvestisiyalara dəstək" mövzusunda treninq təşkil edib. Trend agentliyi AZPROMO-ya istinadən xəbər verir ki, İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə keçirilən tədbirdə Azərbaycanın xaricdəki bir sıra səfirliklərinin iqtisadi attaşeləri, XİN-in İqtisadi Əməkdaşlıq və İnkişaf İdarəsinin təmsilçiləri iştirak edib.

Treninqi TACIS-in AZPROMO-ya dəstək layihəsi çərçivəsində cəlb olunmuş çexiyalı ekspert cənab Robert Heyzak aparıb. Tədbirdə potensial investorlarla effektiv əməkdaşlıq mexanizmləri, iqtisadi attaşelər tərəfindən ixracata dəstək yolları, investisiyalara və ixracata dəstək sahəsində XİN və AZPROMO arasında əməkdaşlıq perspektivləri və sair məsələlər araşdırılıb.

"Tədbir AZPROMO-nun dövlət orqanları ilə effektiv əməkdaşlığının bir nümunəsidir" - deyə AZPROMO-nun Müşahidə Şurasının sədri Çingiz Əsədullayev bildirib. Cənab Əsədullayevin qeyd etdiyinə görə, tədbir ölkə iqtisadiyyatına investisiya axınının davamlı artımı üçün vacib töhfə verə bilər.

AZPROMO-nun prezidenti cənab Emil Məcidov XİN ilə əməkdaşlığın əhəmiyyətini qeyd edib. "Bizim üçün bu əməkdaşlıq ixraca və investisiyalara dəstək vermək üçün gözəl imkandır. Çünki əksər hallarda Azərbaycanı xaricdə təmsil edən iqtisadi attaşelər potensial investorlar üçün ilk məlumat mənbəyi kimi çıxış edə bilirlər" - deyə cənab E.Məcidov qeyd edib.

XİN İqtisadi Əməkdaşlıq və İnkişaf İdarəsinin rəisi Əşrəf Şixəliyev treninqin faydalı olduğunu vurğulayıb. Ə.Şixəliyevin qeyd etdiyi kimi, "AZPROMO ilə əməkdaşlığımızın ənənəvi xarakter alması yaxşı olardı. Onun fikrincə, bu əməkdaşlıq uzunmüddətli perspektivdə investisiyaların cəlb olunması və ixracatın artımı üçün olduqca faydalıdır.

Xəbər lenti

Xəbər lenti