Beynəlxalq Valyuta Fondu Azərbaycan hökumətinə dövlət büdcəsindən maliyyələşdirilən investisiya layihələrinin icmalını aparmağı tövsiyə edib. BVF-nin Yaxın Şərq və Mərkəzi Asiya üzrə departamentinin direktoru müavini Vitali Kramarenkonun Trend ə verdiyi məlumata görə, hökumət hələ gerçəkləşdirilməsinə başlanmayan layihələri müəyyən etməlidir.
"Bu o demək deyil ki, artıq başlanmış layihələri dayandırmaq lazımdır və maliyyə ehtiyatlarını dondurmaq lazım deyil. Bununlya yanaşı, yeni layihələr gələn ilədək təxirə salına bilər. Düşünürəm ki, 2007-ci ildə neftdən böyük mənfəətin gözlənildiyini nəzərə alaraq, dövlət özü illik nə qədər vəsait xərcləməli olduğuna nəzarət etməlidir. Bununla əlaqədar xərclərin sürəti və həcmi optimal olmalıdır. Belə ki, sizin neft sıçrayışı müvəqqətidir", - deyə V.Kramarenko qeyd edib.
BVF hökumətə ölkədə makroiqtisadi vəziyyəti, yoxsulluğun azaldılmasını, maliyyə sisteminin gücləndirilməsini tam dəstəkləməyi tövsiyə edib. "İqtisadiyyat müasirləşdirilməli və neft gəlirləri səmərəli şəkildə sərmayə qoyulmalıdır", - deyə V.Kramarenko hesab edir.
Yanvar-iyul ayları ərzində büdcə vəsaitlərinin hesabına maliyyələşdirilən obyektlərin inşasına 269,5 mln manat sərmayə qoyulub ki, bu da bu il üçün nəzərdə tutulmuş vəsaitlərin 30,5%-ni təşkil edir. Bütövlükdə, 2006-cı ildə dövlət büdcəsində bu məqsədlər üçün 882,3 mln manatın ayrılması nəzərdə tutulub.