2006-cı ilin yanvar-avqust aylarında Azərbaycanda 8,4 mlrd manatlıq sənaye məhsulu istehsal olunub və xidmət göstərilib ki, bu da ötən ilin həmin dövrü ilə müqayisədə 40,5% çoxdur.
Trend in Dövlət Statistika Komitəsinə istinadən xəbər verdiyi kimi, neft hasilatı üzrə istehsalın həcmi 50,4%, neft emalı üzrə 10,7%, kimya sənayesi üzrə 23,8%, metallurgiya və metal məmulatların istehsalı üzrə 6,7%, mebel sənayesi üzrə 31,3%, qida məhsullarının istehsalı üzrə 4,9%, maşın və avadanlıq istehsalı üzrə 34,5% artıb.
Sənayenin ümumi həcminin 95%-i əmtəə istehsalının, 5% xidmətlərin payına düşür. Sənaye məhsullarının 25%-i dövlət, 75%-i isə özəl sektorda istehsal olunub. Artım 2005-ci ilin analoji dövrü ilə müqayisədə 4,6% və 58,6% təşkil edib.
Yanvar-iyul aylarında sənaye müəssisələrində 161,5 min nəfər çalışıb. Bu, 2005-ci ilə olan göstəricidən 5,6% çoxdur. İşçilərin orta əmək haqqı 29,4,% artaraq 267 manat olub. Ən yüksək əmək haqqı əvvəlki illərdə olduğu kimi, mədən hasilatı sahəsində, nəqliyyat avadanlıqlarının istehsalında, neft emalı, o cümlədən metallurgiyada və kimya sənayesi müəssisələrində qeydə alınıb.