Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanın hələ ki, Avropa İttifaqı ilə azad ticarətə dair saziş bağlanması məsələsini qaldırmağa imkanı yoxdur. Çünki Avropa İttifaqı hesab edir ki, Azərbaycan əvvəlcə Ümumdünya Ticarət Təşkilatının (ÜTT) üzvü olmalı, ondan sonra bu sazişin bağlanması haqında söhbət aparılmalıdır. Bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev çərşənbə günü jurnalistlərə açıqlamasında məlumat verib.
Məmmədquliyev qeyd edib ki, azad ticarətin yaradılması və ÜTT-yə üzvlük məsələləri bir-biri ilə əlaqədardır: "Biz ÜTT-yə qoşulmaq prosesindən istifadə edərək bu inteqrasiyaya öz töhfəmizi verməliyik. Həmçinin də əksinə, inteqrasiyada qoyulan məsələləri həll edərək ÜTT-yə qəbul prosesini sürətləndirə bilərik".
Nazir müavini qeyd edib ki, Azərbaycanın ÜTT-yə üzv olması prosesi ləngimir, sadəcə olaraq ölkənin müxtəlif sahələrinin ÜTT-nin standartlarına uyğunlaşdırılması üçün hələ çox iş görülməlidir. Məmmədquliyev hesab edir ki, bu prosesi sürətləndirmək olar. Lakin prosesin ləngiməsinə səbəb olan obyektiv problemlər var.
Məmmədquliyev onu da deyib ki, Azərbaycan ÜTT-yə qəbul olunarsa, bu, ölkə daxilində qiymətlərin aşağı düşməsinə gətirib çıxara bilər: "ÜTT-nin prinsipləri ondan ibarətdir ki, iqtisadi sferada ayrıseçkilik olmasın, liberal dəyərlər qorunsun və s. Əgər ÜTT-yə daxil olsaq, ölkədə rəqabət mühiti şəraitində qiymətlər azala bilər. Çünki dünya təcrübəsi də göstərir ki, rəqabət olan yerdə qiymətlər aşağı düşür" - deyə XİN rəsmisi qeyd edib.
Məmmədquliyev onu da deyib ki, Azərbaycan bir neçə sahəyə dair ÜTT-dən güzəştlər almaq istəyir. Bunlar əsasən, mallara aid edilən güzəştlərdir: "İqtisadiyyatın bəzi sektorları var ki, məsələn, kənd təsərrüfatı sahəsində lazımi qoruyucu öhdəliklər götürmək vacibdir. Bu qoruyucu mexanizmlər o vaxt lazım olacaq ki, biz yerli istehsalımıza, bazarımıza təhlükə hiss edək. Həmçinin nəzərə alsaq ki, ölkəmizdə bəzi sektorlar o qədər inkişaf etməyib, bu sahələr üçün - məsələn, maliyyə, sığorta, xidmət sahələrinə dair Azərbaycan üçün əlverişli şərtlər əldə etməyə çalışırıq" - deyə nazir müavini qeyd edib.