...

Gömrük Komitəsi Azərbaycandan neft ixracı həcmini açıqlayıb

Energetika Materials 25 Oktyabr 2008 12:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 oktyabr/ Trend / Cari ilin yanvar-sentyabrında boru kəməri nəqliyyatı və dəmir yolu ilə Azərbaycandan təqribən 28 mln. tonn neft ixrac olunub. Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə bu dövr ərzində 24,8 mln. ton neft ixrac olunub. BTC ilə "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağından hasil edilən yüngül neft nəql olunur. Neft kəmərinin operatoru BP-dir. AÇG yatağının işlənməsi üzrə layihənin yalnız iki xarici iştirakçısı - Amerikanın "ExxonMobil" və "Devon" şirkətləri öz neft paylarını BTC ilə nəlq etmirlər. Bu şirkətlər BTC-nin tikintisinə sərmayə yatırmayıblar və öz neft paylarını Gürcüstanın Batumi limanı vasitəsilə satırlar. Bu limana neft dəmir yolu vasitəsilə çatdırılır.

Dövlət Komitəsinin məlumatına görə, Bakı-Novorossiysk boru kəməri ilə yanvar-sentyabrda 1,1 mln. tondan çox neft ixrac olunub. Bu boru kəməri ilə əsasən Azərbaycan Dövlət Neft Şirkətinin şəxsi vəsaitləri hesabına yataqlardan hasil etdiyi neft, həmçinin xarici iştirak payına malik birgə müəssisə və əməliyyat şirkətlərinin quru yataqlardan hasil etdiyi xammal nəql olunur.

Komitə qeyd edir ki, Bakı-Supsa boru kəməri ilə may-sentyabrda 83,6 min ton neft ixrac olunub. Boru kəmərinin operatoru BP-dir. Boru kəməri ilə "Azəri-Çıraq-Günəşli" yatağından hasil edilən yüngül neft nəql edilir.

Komitənin məlumatında bildirilir ki, yanvar-sentyabrda dəmir yolu nəqliyyatı ilə 1,9 mln. ton neft ixrac olunub. Dəmir yolu ilə Gürcüstanın Qara dəniz limanlarına Amerikanın "ExxonMobil" və "Devon" şirkətlərinin "Azəri-Çıraq-Günəşli" yatağından hasil etdiyi neft ilə yanaşı, tranzit xammal da tədarük olunur. Xammal Azərbaycandan keçməklə Qazaxıstan və Türkmənistandan Gürcüstana nəql olunur.

Xəbər lenti

Xəbər lenti