...

Avropa Azərbaycana qaz alışı üzrə daha yaxşı şərtlər təklif etməlidir – ekspert

Energetika Materials 20 Aprel 2009 18:07 (UTC +04:00)
Avropa Azərbaycana qaz alışı üzrə daha yaxşı şərtlər təklif etməlidir – ekspert

Azərbaycan, Bakı, 20 aprel / Trend , müxbir E.Tariverdiyeva /  

"Avropa Azərbaycanın Rusiya ilə qazla bağlı sövdələşməsini necə qəbul edirsə etsin, Bakı öz qazını şəxsi qərarı ilə satmaq hüququna malikdir. Avropa bu qaza belə güclü ehtiyac duyursa, yeganə üsul Azərbaycana Moskvadan daha yaxşı təklif etməkdir", - deyə "Kommersant" qəzetinin baş redaktoru Azər Mürsəliyev hesab edir.

"Sövdələşmələrin formasına gəldikdə isə, ticarətin "svop" sistemi ilə aparılıb-aparılmayacağı, bunun Dağıstanın təminatı və ya Rusiyadan tranzit olub olmayacağı o qədər də prinsipial deyil. Prinsipial olan etibar və qiymətdir. Əgər Rusiya sərfəli qiymətlərlə Azərbaycandan qaz alacaqsa, bu qazın sonradan hara gedəcəyi Azərbaycan üçün prinsipial deyil", - deyə Mürsəliyev bazar ertəsi Moskvadan telefonla Trend -a bildirib.

"Düşünürəm ki, bu, bilavasitə "Qazprom" ilə danışıqlar prosesində həll olunacaq. Burada mühüm olan danışıqlar zamanı Azərbaycanın bu sövdələşmənin siyasi zəmanətini almasıdır. Yəni söhbət şirkətlərarası sövdələşmədən getdiyi qədər, şirkətlərarası sövdələşmədən fərqli olaraq udmağın daha çətin olduğu dövlətlərarası sazişdən də gedir", - deyə Rusiyanın nüfuzlu qəzetinin baş redaktoru bildirib.

"Nabucco" və Rusiyadan yan keçməklə Avropaya qaz tədarükünü nəzərdə tutan digər layihələrin taleyinə gəldikdə isə, onların təkcə Azərbaycan deyil, başlıca olaraq Mərkəzi Asiya və İran kimi müxtəlif potensial tədarükçüləri var. Bu gün söhbət "Nabucco"nun tikintisini kimin maliyyələşdirəcəyindən gedir. Avropa bunu öz üzərinə götürərsə və sərfəli şərtlər təklif edərsə, düşünmürəm ki, siyasi prinsip etibarı ilə hansısa ölkə bundan imtina etsin", - deyə Mürsəliyev bildirib.

Azər Mürsəliyev bildirib ki, əsas məsələ bu qaz kəmərlərinin keçəcəyi Türkiyənin təkcə tranzitçi deyil, "dispetçer" də olmaq istəməsidir.

"Qazprom" və Azərbaycan martda 2010-cu ilin yanvarından Azərbaycan qazının tədarük şərtlərinin razılaşdırılması üzrə danışıqlara başlamaq barədə razılıq əldə ediblər. Uzunmüddətli saziş əsasında Azərbaycan qazını almağa dair təklif hələ 2008-ci ilin iyununda "Qazprom" rəhbəri Aleksey Millerin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı edilmişdi.

Yaxın vaxtlarda SOCAR və "Qazprom" qaz kəməri sisteminin Bakı - Novo-Filya məntəqəsində onun müasirləşdirilməsi üçün texniki yoxlama aparacaqlar. Bu hissə ilə Azərbaycan qazı Rusiyaya tədarük olunacaq.

Bakı - Novo-Filya Azərbaycanın qaz nəqliyyatı sisteminin Bakıdan Xəzərin sahilləri ilə Rusiya sərhədlərinədək gedən məntəqəsidir. Məntəqənin uzunluğu təqribən 200 km, boruların diametri 1220 millimetrdir.

Azərbaycan təqribən 2 trln. kubmetr həcmində təbii qaz ehtiyatlarına malikdir. Azərbaycanda təbii qaza tələbat ildə 12-14 mlrd. kubmetrdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti