...

SOCAR Xəzərdəki perspektiv qaz strukturunda tədqiqatlar aparacaq

Energetika Materials 4 İyul 2009 13:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 iyul / Trend , müxbir E.İsmayılov /

"SOCAR bu ay ərzində Xəzər dənizinin Azərbaycan sektorundakı "Bahar-2" strukturunda üçölçülü seysmik tədqiqatlara başlaya bilər", - şənbə günü SOCAR-dan deyilib.

"Artıq işlərin başlanması üçün hər şey hazırdır və ola bilər ki, işlərə start verilsin. Hazırda işlər üçün lazım olan gəmilər tərsanə təmirindən sonra rənglənmə prosesini keçir. Bu işlər bitən kimi tədqiqatlar başlayacaq", - şirkətdən bildirilib.

"Bahar-2" strukturunda 3D seysmik tədqiqat işlərində SOCAR-ın "Geofizik-1" və "Bakı" gəmilərindən istifadə olunacaq.

Strukturdakı işləri iki-üç ay ərzində başa vurmaq planlaşdırılır. "Bu müddət ərzində seysmik tədqiqatlar başa çatdırılmalıdır, çünki dənizdəki hava şəraiti buna imkan vermir", - mənbə əlavə edib.

Bir müddət əvvəl mənbə deyib ki, ehtiyatların həcmi və hansısa işlərin aparılması barədə danışmaq üçün strukturun tədqiqatını, əldə olunan məlumatların analizini və nəticələrin interpretasiyasını aparmaq lazımdır.

SOCAR perspektiv dəniz strukturları, o cümlədən "Bahar-2"-də ölkədəki qaz hasilatını artırmaq məqsədi ilə tədqiqatlar aparır.

Ehtiyatlarının çoxu işlənən "Bahar-1" yatağı unikal yataqdır. Ötən ilin 80-ci illərində yataqdan 16-17 milyon kubmetr təbii qaz hasil edilirdi ki, bu da ölkənin qaz təminatının 30-40 faizini təşkil edirdi. "Bahar" yatağının işlənməsi ilə SOCAR müstəqil şəkildə məşğul olur.

Həmçinin Dövlət Neft Şirkəti bu yataqda yeni yeraltı qaz anbarının yaradılması imkanını da nəzərdən keçirir.

Azərbaycanda qaz hasilatı ilə öz vəsaitləri hesabına yataqlardan yanacaq istehsal edən SOCAR məşğul olur. Şirkətin hasil etdiyi qazın əsas hissəsi Azərbaycanın daxili bazarının tələbatının ödənilməsinə yönəldilir, bir hissəsi isə Gürcüstana ixrac olunur.

BP-nin texniki operatorluğu altında qaz, həmçinin "Şahdəniz" yatağından SOCAR-ın iştirakı ilə xarici tərəfdaşlarla birlikdə əldə olunur. Qaz Azərbaycan bazarına çatdırılır, bir hissəsi isə "Cənubi Qafqaz" kəməri ilə Gürcüstan və Türkiyəyə ixrac edilir. Azərbaycan, həmçinin "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxan səmt qazını da əldə edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti