...

Vyanada "Nabukko" və "Cənub axını" qaz kəməri layihələrinin perspektivləri müzakirə olunacaq

Energetika Materials 10 Noyabr 2009 16:55 (UTC +04:00)
İsveçrənin beynəlxalq təşkilatı Crans Montana Forum Vyanada üç günlük "Nabukko və Cənub axını - Avropa enerji təhlükəsizliyi üçün yeni perspektivlər" forumu təşkil edəcək.
Vyanada "Nabukko" və "Cənub axını" qaz kəməri layihələrinin perspektivləri müzakirə olunacaq

Azərbaycan, Bakı, 10 noyabr / Trend /

İsveçrənin beynəlxalq təşkilatı Crans Montana Forum Vyanada üç günlük "Nabukko və Cənub axını - Avropa enerji təhlükəsizliyi üçün yeni perspektivlər" forumu təşkil edəcək.

Dekabrın 10-12-də keçiriləcək forumun məqsədi bu gün Avropa qarşısında duran yeni geostrateji məsələlərin müzakirəsidir.

Vyanada keçiriləcək forum Avropanın gələcək böhranların qarşısının alınması, rəqabətqabiliyyətinin möhkəmlənməsi, həmçinin Aİ ilə Aralıq dənizi və Qara dəniz, Mərkəzi Asiya və Afrika regionları arasında əməkdaşlığın genişləndirilməsinin həlli yollarını tapmaq cəhdlərini əks etdirir.

Forumda hökumət strukturlarının, beynəlxalq təşkilatların və şirkətlərin, o cümlədən OPEK, Səudiyyə Ərəbistanının Neft və Mineral Resurslar Nazirliyi, Total, Chevron, Avropa İnvestisiya Bankı, BG Group, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Caspian Investment Centre-nin nümayəndələri iştirak edəcəklər.

Crans Montana Forum-un rəsmi saytında yerləşdirilən məlumatda deyildiyi kimi, 2008-2009-cu illərin qışı Avropada vəziyyətin zəifliyi faktını və Mərkəzi və Cənub-Şərqi Avropa ölkələrinin enerji təhlükəsizliyi planında zəifliyini təsdiq etdi. "Qış təcrübəsi enerji daşıyıcılarının diversifikasiyası, enerji təhlükəsizliyi standartları, həmçinin gələcək investisiyalar baxımından analiz edilməlidir", - məlumatda deyilir.

Dəyəri 7,9 mlrd. avro olan "Nabukko" kəməri ilə Xəzər regionu və Yaxın Şərqdən Aİ ölkələrinə qazın ixracı nəzərdə tutulur. Qaz kəmərinin çəkilişi 2011-ci ilə təyin edilib. İlk tədarüklərə 2014-cü ildə start veriləcək. Boru kəmərinin maksimal gücü ildə 31 mlrd. kubmetrə bərabərdir. Layihənin iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botaş və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir.

"Cənub axını" layihəsi Avropaya yeni qaz tədarükü marşrutunun yaradılmasını nəzərdə tutur. Onu İtaliyanın ENİ və Rusiyanın "Qazprom" şirkətləri həyata keçirir. Bu şirkətlər 2007 - ci il iyunun 23 - də dəniz qaz kəmərinin çəkilişi barədə saziş imzalayıblar. "Cənub axını"nın dəniz hissəsinin Qara dənizin dibi ilə, Rusiya sahilindən ("Bereqovaya" kompressor stansiyası) Bolqarıstan sahilinədək keçəcəyi planlaşdırılır. Qaz kəmərinin Qara dəniz hissəsinin ümumi uzunluğu təxminən 900 km, maksimal dərinliyi 2000 metrdən çox olacaq. Qaz kəmərinin layihə gücü təxminən 30 mlrd. kubmetr təşkil edir.

Forumun rəsmi tərəfdaşlarından biri TREND İnformasiya Agentliyidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti