Azərbaycan, Bakı, 12 noyabr / Trend , müxbir A.Bədəlova/
"Nabukko" layihəsi üzrə konsorsium qaz kəmərinin inşası üçün potensial kreditorlarla danışıqların uğurla davam etdiyini təsdiq edir.
"Kreditorlarla danışıqlar qrafikimizə uyğun olaraq çox uğurlu keçirilir", - Trend -a elektron poçtla "Nabukko" layihəsi üzrə rəsmi nümayəndə Kristian Dolezal cümə axşamı bildirib.
Bu yaxınlarda konsorsium potensial kreditorlarla - Avropa İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, həmçinin kredit-ixrac agentlikləri ilə təfərrüatlı danışıqların başlanmasını elan edib. Konsorsiumun məlumatında deyildiyi kimi, kreditorlarla danışıqlar maliyyələşdirmənin əsas parametrlərinin və layihə üzrə digər vacib qərarların müəyyənləşdirilməsinə yönəlib.
2010-cu ilin dördünca rübüdə layihə üzrə qəti investisiya qərarlarının qəbul edilməsi məsələsinə şərh verərkən Dolezal qeyd edib ki, bu müddət planlaşdırılmış qrafikə zidd deyil.
"Nabucco Gas Pipeline International şirkəti hər zaman bildirib ki, layihə üzrə yekun investisiya qərarları növbəti ildə qəbul ediləcək, 2010-cu ilin dördüncü rübü bu müdətdən kənarda qalmayacaq", - Dolezal bildirib.
Dəyəri 7,9 mlrd. avro olan "Nabukko" kəməri ilə Xəzər regionu və Yaxın Şərqdən Aİ ölkələrinə qazın ixracı nəzərdə tutulur. Qaz kəmərinin çəkilişi 2011-ci ilə təyin edilib. İlk tədarüklərə 2014-cü ildə start veriləcək. Boru kəmərinin maksimal gücü ildə 31 mlrd. kubmetrə bərabərdir. Layihənin iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botaş və Almaniyanın RWE şirkətləridir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]